Simsar.az | bizi özünüzə Simsar bilin
MÜSAVAT BOŞALIR

Qabil Hüseynli deyir ki, partiyadan gedənlərin sayı daha çoxdur

Müsavat Partiyasından Qabil Hüseynli, Sülhəddin Əkbər, İbrahim İbrahimli və Adil Qeybullanın, daha sonra isə Sumqayıt şəhər təşkilatının 15 üzvünün ayrılmasından sonrakı proseslər birmənalı dəyərləndirilmir. Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı ölkə mətbuatına verdiyi açıqlamasında bildirib ki, Müsavat on minlərlə üzvü olan partiyadır və təşkilatdan ayrı-ayrı şəxslərin çıxması istisna deyil. 
O, Müsavat Partiyasının üzvlüyünə son dövrlərdə daxil olan şəxslərin sayının tərk edənlərin sayından dəfələrlə çox olduğunu, habelə partiyada yeni qüvvələrin partiyanın rəhbərliyinə gəlməsi, yenilənmə, təzələnmə, gəncləşmə prosesinin getdiyini və bu prosesin uğurlarının fəsadlardan qat-qat çox olacağını vurğulayıb.

Müsavat başqanının sabiq müavini Qabil Hüseynli isə bildirir ki, Arif Hacılının mövqeyi proseslərə çox yanlış yanaşmadır. "Müsavat partiyasından istefalar və getmələr indi yox, 2005-ci ildən başlanıb. Partiyanı ölkə siyasətində populyar insanlarla yanaşı, daha çox sıravi üzvlər tərk ediblər. Partiyaya gələnlərlə oranı tərk edənlərin sayını səciyyələndirən rəqəmlərə gəldikdə isə, gedənlər gələnlərdən xeyli çoxdur. Gedişlərin müxtəlif səbəbləri olub. Biri çörək dalınca, biri ailəsini dolandırmaq üçün, digəri yorularaq, başqaları isə ümumiyyətlə, çeşidli səbəblərdən Müsavatı tərk ediblər. Ona görə də bu prosesi Müsavatın təzələnməsi, təmizlənməsi, yenilənməsi kimi yox, zəifləməsi kimi dəyərləndirmək lazımdır", - Q.Hüseynli dedi. Onun sözlərinə görə, Müsavat Partiyası üzvlərinin sayının belə azalması qurumun fəaliyyətinə artıq ciddi təsir edib: "2005-ci ildəki Müsavatla bugünkü Müsavatı müqayisə etmək mümkün deyil. Partiyadakı nüfuzlu siyasətçilər və şəxslər, sıravi üzvlərin sayı, həm də Müsavatın irəli sürdüyü təşəbbüs və layihələr baxımından belə müqayisə alınmır. Müsavatın təzələnməsi, yenilənməsi və təmizlənməsi adı ilə partiyanın zəifləməsinə göz yummaq, məncə, başucaldan yanaşma deyildi\", - Q.Hüseynli vurğuladı.

NEMƏT

22 Yanvar, 2011  19:34 Baxılıb: 1996

Bu bölmədə