Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN BİZƏ TƏHLÜKƏDİR, YOXSA BİZ İRANA ?...

Politoloq Zərdüşt Əlizadə deyir: «Quranı oxuyanlar Allahın dedikləri ilə yaşadıqları cəmiyyətin həyatını müqayisə edirlər. Dünya ilə müqayisə edirlər. Dönüb olurlar radikal islamçı».

Azərbaycanda baş örtüyünə qoyulan qadağadan sonra dindarlarla hakimiyyət arasında başlanan «toqquşma», İranla rəsmi Bakı arasında hələlik özünü işartı şəkilində göstərən narazılıqlarla davam etməkdədir. «Silah-sursat maddələr»i ilə həbs olunan 
İslam Partiyasının fəallarının İranın dini liderləri tərəfindən müdafiə olunması və onların həbslərinin pislənməsi qonşu ölkənin Azərbaycanın daxili işlərinə qarışması kimi qələmə verilir.
Həm hakimiyyət nümayəndələri və həm də iqtidara yaxın olan müxalif qüvvələrin rəhbərləri son günlər İrana qarşı sərt bəyanatlar səsləndirməkdədirlər. Bu ittihamların nə ilə sonunclanacağını söyləmək çətindir. Siyasi ekspertlər hesab edir ki, bütün təzyiq və təqiblərə baxmayaraq ölkədə dini aktivliyin qarşısını almaq hakimiyyət üçün çətin olacaq.
«Bu siyasi mübarizə deyil ki, insana vəzifə, pul verib ələ alasan».
Bu fikirdə olan politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, ölkədə dini amil güclənir: «Bu faktdır. Bu ona görədir ki, ölkədə bir çox ədalətsizliklər var və onların həll edilməməsi insanları radikallığa aparır. Bu bir aksiomadır. Bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da bu baş verir və davam edəcək. Azərbaycanda hansısa İslam təmayülünün güclənməsinin səbəbi yalnız bizim hakimiyyətdədir. Burada heç bir xarici faktorun rolu yoxdur.
İranın dini amilin güclənməsində heç bir rolu yoxdur. Məgər İran bizim məmurları məcbur edir ki, rüşvət alsınlar? Hakimləri məcbur edir ki, ədalətsiz hökmlər çıxarsınlar? Din peyğəmbərimiz Məhəmməd Əleyhisəllama Allah tərəfindən verilib. Quran 1400 ildən artıqdır mövcuddur. Bunun İrana nə dəxli var? Quranı Xomneyi yazıb ya Əhmədinejat? Quran var. Çap olunur, camaat oxuyur. Görür ki, müqəddəs kitabda nə deyilir. Oxuyanlar Allahın dedikləri ilə yaşadıqları cəmiyyətin həyatını müqayisə edirlər. Dünya ilə müqayisə edirlər. Dönüb olurlar radikal islamçı. Bu təkcə bizdə deyil, Avropada da, Amerikada da bu proses gedir. Əgər istəyirlərsə ki, radikallığın qarşısı alınsın, o zaman çalışmaq lazımdır qanunun aliliyinə riayət edilsin. İnsaf deyilən bir şey var, onar riayət eləsinlər. Hazırda ideologiyası olan yeganə qüvvə islamçılardır. İndi Azərbaycanda İslama inananların sayı durmadan artır. Ancaq fikrimcə, İslam siyasi təşkilat kimi Azərbaycanda hələ çox zəifdi».
"Exo" qəzetinə açıqlama verən iranlı politoloq Pərvin Darabadinin fikrincə, İranın rəsmi nümayəndələrinin son davranışları təsadüfi deyil. Belə ki, İranın ətrafındakı dairə Qərb tərəfindən daraldılır: “İran ona qarşı sanksiyaların sərtləşdirilməsindən ehtiyatlanır. Hərbi müdaxilə də istisna deyil. Bütün bunlar İran nümayəndələrini narahat edir və onlar yaxın qonşularına qısqanclıqla yanaşırlar. Azərbaycanın Qərb ölkələri ilə normal münasibətləri Tehranda narahatlıq və qısqanclıq yaradır. Onlar ehtiyatlanırlar ki, Azərbaycan ərazisindən İran əleyhinə hərbi əməliyyatların keçirilməsində istifadə oluna bilər”.

Lakin ekspert hesab edir ki, bu cür narahatlıqlar əsassızdır. Çünki Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev dəfələrlə bəyan ediblər ki, Azərbaycan tərəfindən İran üçün heç birtəhlükə yoxdur və ola bilməz. Azərbaycanın dünyəvi dövlət olduğunu qeyd edən politoloqun sözlərinə görə, ölkəmiz müstəqillik qazandıqdan sonra İran rəsimləri tərəfindən bu cür hücumlar mütəmadi olaraq təkrarlanır.


RAMİN

22 Yanvar, 2011  18:28 Baxılıb: 2070

Bu bölmədə