Simsar.az | bizi özünüzə Simsar bilin
«WikiLeaks» SİYASİLƏRİN BANK HESABLARINI AÇACAQ

Siyahıda Azərbaycanın hakimiyyət təmsilçilərinin yer alacağı istisna olunmur

İsveçrə banklarından birinin keçmiş meneceri Rudolf Elmer “WikiLeaks” saytına iki min nəfərin və beynəlxalq korporasiyanın offşor banklardakı hesabları haqqında məlumatı ötürəcək.

Elmerin sözlərinə görə, bu sənədlər külli miqdarda vergilərdən yayınma hallarını və siyasi xadimlərin varidatlarını aşkara çıxaracaq. Rudolf Elmer bildirib ki, kompakt diskə yazılmış informasiyaları Isveçrədə bank məlumatlarının oğurlanması ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə keçiriləcək məhkəmə qarşısına çıxarılmamışdan iki gün əvvəl ötürəcək.

Keçmiş bank işisi onu da əlavə edib ki, “WikiLeaks” saytına ötürüləcək diskdə 40-a yaxın siyasətçinin bank hesabı haqqında informasiya var.

Xatırladaq ki, Rudolf Elmer 2002-ci ildə bank informasiyalarını oğurlamaqda təqsirli bilinərək Isveçrənin “Julius Baer” bankındakı vəzifəsindən azad olunub. O, həmçinin beynəlxalq maliyyə institutlarının ciddi tənqidçilərindən biri kimi tanınır.

Bəzi ekspertlər “WikiLeaks”in açıqlayacağı siyasilərin bank hesabları arasında Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin də maliyyə hesablarının göstəriləcəyini istisna etmir. Çünki sayt ABŞ diplomatlarına aid məxfi yazışmaları yayımlayarkən Azərbaycan hakimiyyətinin korrupsiyalaşmış rejim kimi təqdim olunmasını xüsusi qabardıb.

Ölkə rəhbəri Ilham Əliyev başda olmaqla, Azərbaycan iqtidarının yüksək vəzifəli şəxslərinin əlində külli miqdarda maliyyənin cəmlənməsi sirr deyil. Bir çox nüfuzlu təşkilatlar Azərbaycan hakimiyyətinin korrupsiyalaşmasını dəfələrlə öz hesabatlarında vurğulayıb. Belə olan halda, “WikiLeaks”in yayımlayacağı bank hesabları sırasında Ilham Əliyev və komandasının aparıcı simalarının varidatının yatırıldığı hesabların açıqlanması kifayət qədər real görünür.

22 Yanvar, 2011  16:33 Baxılıb: 2014

Bu bölmədə