Simsar.az | bizi özünüzə Simsar bilin
AYDIN MİRZƏZADƏDƏN İRANA MÜDAXİLƏ İLƏ BAĞLI 6 ƏSAS

YAP-çı deputat «Bəlkə biz də İranın daxili işlərinə qarışaq» başlıqlı məqalə yazıb

Milli Məclisinin deputatı Aydın Mirzəzadə «Bəlkə biz də İranın daxili işlərinə qarışaq»? başlıqlı məqalə yazıb. «Lent.az» portalında yerləşdirilən məqalədə Azərbaycanın İranın daxili işlərinə qarışması üçün 6 əsas sadalanıb. 
Həmin əsaslar bunlardır.

1. İranda axırıncı prezident seçkilərində dinc əhaliyə qarşı yersiz güc işlədilməsi İran Konstitusiyasına ziddir və islam prinsiplərinə uyğun gəlmir.

2. İslam Respublikası adlanan dövlətdə erməni icmasına spirtli içki istehsalına icazə verilməsi islam qaydalarına ziddir. Çünki, İslam adı tək müsəlmanlara aid olmayıb, bütün İran vətəndaşlarına şamil edilir. Erməni işbazlarının, Məhəmməd peyğəmbərin qadağan etdiyi içkini tək özləri üçün istehsal etməyib, səbatsız insanlara satdığı və bununla da islam ümmətinin, ilk növbədə gənclərin korlanmasına gətirib çıxarır. Erməni icmasının islam dövlətində açıq-aşkar spirtli içki alveri şəbəkəsi saxlaması deyilənə görə dövlətin bəzi ciddi məmurlarının onlarla əlbir olmasından irəli gəlir.

3. İran dövlətinin iki əsas sütunundan biri olan və əhalinin 40 faizini təşkil edən azərbaycanlıların dilində məktəb, universitet, mətbuatın olmaması, azərbaycan dilinin dövlət qulluğunda işlədilməməsi dövlətin azərbaycanlıların hüquqlarını tanınmaması kimi qiymətləndirilir.

4. İranın xarici siyasət məsələlərində bir sıra səhv addımları, xüsusilə də Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistana hərtərəfli yardım etməsi Azərbaycan cəmiyyətini narazı salır. İran tərəfinin bu məsələlərə yenidən baxması vacib sayılır.

5. Bu yaxınlarda İranda yanacağın qiymətinin birdən-birə yeddi dəfə qalxması İran vətəndaşlarının sosial vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Biz bu qərarın ləğv edilməsini vacib sayırıq.

6. İranda cinayət törətmiş insanların, xüsusilə də qadınların ibtidai icma quruluşunda olduğu kimi daş-qalaq edilməsi heç bir insanlıq qanununa və islam qaydalarına uyğun gəlmir. Biz bu qaydanın təcili ləğv edilməsini tələb edirik.

A.Mirzəzadə bildirir ki, vaxtaşırı İranın müxtəlif dairələri qonşuluq münasibətlərinə sığmayan bəyanatlar verir: «Açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilən bu çıxışlar nə beynəlxalq hüquq normalarına, nə də mehriban qonşuluq münasibətləri ənənəsinə uyğun gəlir. Onlar həyatımızın bütün sahələrinə müdaxilə edir və bunun sonunun olmadığı təəssüratı yaranır».

Ramil

22 Yanvar, 2011  16:20 Baxılıb: 2049

Bu bölmədə