Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA POLİS ƏMƏKDAŞI BIÇAQLANDI

Çevik Polis Alayının daha bir əməkdaşı bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Hadisə yanvarın 21–də Milli Elmlər Akademiyasının qarşısında qeydə alınıb. Naməlum şəxs bir qadına hədə qorxu gələrək onun əl çantasını alaraq qaçıb. Hadisə yerində olan DİN-in Çevik Polis Alayının 6-cı patrul bölüyünün əməkdaşı İntiqam Ümüdov həmin şəxsin ardınca düşüb. Naməlum şəxsi təqib edən polis əməkdaşı onu yaxalamağa müvəffəq olub. Bu zaman polisə müqavimət göstərən naməlum şəxs əlindəki bıçaqla ona xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı polis əməkdaşı kömək çağırıb. Həmin vaxt onun köməyinə gələn ÇPA-nın əməkdaşı Vüqar Bayramov naməlum şəxsi təqib edərək onu Füzuli meydanının qarşısında zərərsizləşdirə bilib. Məlum olub ki, quldurluq edən şəxs, Beyləqan sakini, 29 yaşlı Təşkilat Məmmədovdur. O, istintaqa təhvil verilib. 

Yaralı polis əməkdaşı isə DİN-in Hospitalına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

E. Zahidov bildirib ki, ÇPA-nın əməkdaşları dünən daha bir cinayət hadisəsinin üstünü açıb. Yanvarın 21-i saat 16.30 radələrində “8-ci kilometr” bazarı yaxınlığında Bakı sakini Ayaz Məmmədhəsənov digər paytaxt sakini Asif Abbasova bıçaqla ağır bədən xəsarəti yetirərək hadisə yerindən qaçıb. A. Məmmədhəsənov ərazidə olan ÇPA-nın 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən yaxalanaraq Nizami Rayon Polis idarəsinə təhvil verilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

22 Yanvar, 2011  16:08 Baxılıb: 2097

Bu bölmədə