Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva: “Şərəf və ləyaqətim təhqir olundu”

Deputat Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək

“Mən bu şəkli montaj edib yayanlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcəyəm. Bunu edənlərin ən ağır formada cəzalandırılmasını tələb edəcəyəm. Əgər kimsə bunu xaricdən edibsə, yenə də ölçü götürülməsinə çağlışacam. Hesab edirəm ki, mənim milli hissim təhqir olunub. Bu mənim şərəf və ləyaqətimin təhqir olunmasıdır. O şəkil kollektiv çəkilib, özü də Türkiyə Səfirliyinin tədbirində. Şəkildə yer alan isə əsl türk oğlu türkdür”. Bu barədə Simsar.az-a açıqlamasında Milli Məclisin üzvü Qənirə Paşayeva bir neçə gündür ki, “Feysbuk” sosial şəbəkəsində onunla yanaşı şəkli yayımlanan şəxslə bağlı ittihamlara cavab olaraq bildirib. Onun sözlərinə görə, şəkildə onunla bərabər yer alan şəxsin guya kürd olması, PKK-nı təmsil etməsi haqda xəbərlər düzgün deyil. Millət vəkili PKK-ya münasibətinin bəlli olduğunu, hər zaman bu təşkilatı pisləyən insan olduğunu deyib: “Sabah bu məsələ ilə bağlı Türkiyə Səfirliyinin təhsil məsələləri üzrə müşaviri ilə mətbuat konfransı keçirəcəm. Bu məsələyə bir daha açıqlama verərək aydınlıq gətirəcəyəm. Bunu dövlətimizə qarşı da təhqir hesab edirəm. Azərbaycan heç zaman PKK-ya yuva verməyib”. 

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil məsələləri üzrə müşaviri Xalis Kuyumçuoğlu da Simsar.az-a açıqlama verib: “Bu şəxs Tibb Universitetində tələbələrin konsey başkanıdır. Adı da Ömər Aynadır, onun anasının adı da Əminədir. Lakin bu mətbuatda yer alan xəbərlərdəki Əminə Aynanın oğlu deyildir. Türkiyədə Minlərlə Əminə Ayna adlı adam var. Belə bir xəbərin yayılması çox ayıbdır”. 

Qeyd edək ki, bu gün mətbuatda yer alan xəbərlərə görə Qənirə xanımla şəkildə yer alan şəxsin “Feysbuk” istifadəçiləri tərəfindən Türkiyədə fəaliyyət göstərən keçmiş Demokratik Toplum Partiyasının (indiki BDP - PKK-nın siyasi qolu) liderlərindən olan Əminə Aynanın Bakıda təhsil alan oğlu Ömər olduğunu bildirilib. Millət vəkilini "saxta turançı" deyə ittiham ediblər.

22 Yanvar, 2011  02:15 Baxılıb: 2002

Bu bölmədə