Simsar.az | bizi özünüzə Simsar bilin
XİN AŞPA məruzəçisi Kristofer Ştrasserin Azərbaycana gəlmək üçün ona viza verilməməsi barədə açıqlamasına münasibət bildirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xüsusi məruzəçisi Kristofer Ştrasser Azərbaycana gəlmək üçün ölkəmizin Almaniyadakı səfirliyinə viza almaq üçün müraciət etməyib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçisinin “Azadlıq” radiosuna müsahibəsində ona viza verilməməsi səbəbindən Azərbaycana gələ bilmədiyi barədə dediklərinə münasibət bildirərkən deyib.

“Məsələ ilə bağlı nazirlik Almaniyadakı səfirliyimizlə əlaqə saxlayıb. Almaniyadakı səfirliyimizdən bildiriblər ki, Kristofer Ştrasser tərəfindən ümumiyyətlə viza almaq üçün səfirliyə müraciət olunmayıb, buna görə də viza məsələsi səbəb ola bilməz. Eyni zamanda məsələ ilə bağlı Ştrasserin ofisi məlumatlandırılıb, onun müsahibədəki fikirlərinin olduğu kimi təqdim edilib-edilməməsi ofis tərəfindən araşdırılır, - deyə E. Poluxov bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bir müddət əvvəl K. Ştrasserlə görüşündə təşəbbüs qaldırıb ki, ölkəmizdə siyasi məhbus məsələsini araşdırmaq üçün Azərbaycana səfər etmək lazımdır. Almaniyalı deputat da bu fikirlə razılaşıb.

“Belə bir müsahibənin çap olunması təəccüb doğurur, hazırda deputatın ofisi tərəfindən məsələyə münasibət gözləyirik», - deyə E. Poluxov qeyd edib.

19 Yanvar, 2011  19:55 Baxılıb: 2183

Bu bölmədə