Simsar.az | bizi özünüzə Simsar bilin
Məhərrəm Əliyev səfir kimi işləmək istəmir

 

 

Hüquqşünas onun MTN-ə rəhbər vəzifəyə gətirilməsini real sayır 

 

 

Son günlər mətbuatda uzun müddət Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ)rəisi vəzifəsində çalışmış, 2007-ci ildə vəzifəsindən istefa verərək Taçikistana səfir vəzifəsinə göndərilən Məhərrəm Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə rəhbər vəzifəyə təyin ediləcəyinə dair məlumatlar dərc olunur.

Uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış M.Əliyevin vəzifəsindən istefa verməsinin səbəbləri çoxlarına bəllidir.

Daxili işlər naziri Ramil Usubovla aralarında soyuq münasibətlərin olmasına rəğmən  Məhərrəm Əliyev hakimiyyətin etibarlı məmuru  imicini qazandığı üçün vəzifəsində saxlanılmışdı. Amma polis rəisinin qudası, keçmiş səhiyyə naziri Əli İnsanovun həbsindən sonra bəlli dairələrin də səyləri nəticəsində hakim düşərgədə M.Əliyevə qarşı inam zəiflədi. Və vurulmuş digər nazir həmkarları kimi o da səfir göndərildi.

M.Əliyevin «vurulması» R.Usubovun DİN sistemində qarşısındakı ən böyük maneənin aradan qaldırılması demək idi. BŞBPİ-nin rəisi nazirinə qarşı hər zaman prinsipial münasibətilə seçilib. Onun nazirin fəaliyyətini tənqid edən, səhvlərini göstərən açıq müsahibələri hər kəsin yadındadır. MTN-nin «Qara kəmər» əməliyyatından sonra M.Əliyevin R.Usubov barədə daha rahat danışması rəisi-nazir münasibətlərində sonuncu tənqidlər oldu.

M.Əliyevin milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə gətirilməsi ilə bağlı məlumatlara münasibət heç də birmənalı deyil. Ən azından ona görə ki, ölkə başçısı etibarlı, bütün sınaqlardan «uğurla» çıxmış nazirinə qarşı MTN-də ikinci cəbhənin fəaliyyətə başlamasına rəvac verməz. O da məlumdur ki, Ramil Usubovla indiki MTN şefi Eldar Mahmudovun münasibətləri hələ ikinci DİN-də idarə rəisi işləyən vaxtdan yaxşı olmayıb. Hətta nazir təyin olunandan sonra E.Mahmudov barəsində Usubov «mən yenə də həmin fikrimdə qalıram ki, Eldar Mahmudov öz işinin peşəkarı deyil»  ifadəsini işlətmişdi.

E.Mahmudovun rəhbərliyi altında aparılan əməliyyat zamanı DİN zabiti, qanqster dəstəsinin rəhbəri Hacı Məmmədovun ifşası həm də Ramil Usubova tutarlı cavab idi.

E.Mahmudov nazir təyin olunandan sonra bir vaxtlar DİN-də çalışdığı həmkarlarının da MTN-ə rəhbər vəzifələrə gətirilməsinə nail oldu. Onların arasında R.Usubovla münasibətlərində problemi olanlar əksəriyyət təşkil edib. Qeyd etdiyimiz kimi DİN-də R.Usubova qarşı ən ciddi fiqur məhz M.Əliyev olub.

Əldə etdiyimiz məlumatlara görə, M.Əliyev də artıq səfir kimi qalıb işləməkdən bezib. «Səfir mənlik»deyil deyə şikayətlənən keçmiş polis rəisinin özü də hüquq-mühafizə orqanlarından birində çalışmaq istəyini dəfələrlə açıq bəyan etsə də, nəticəsiz qalıb.

Bəs, M.Əliyevin MTN-ə rəhbər vəzifəyə gətirilməsi barədə məlumatlar nə dərəcədə ciddidir? M.Əliyevlə yaxın ğütasibətdə olmuş, «Femida» qəzetinin baş redaktoru, hüquqşünas Eyyub Kərimov  «Simsar.az»-a açıqlamasında bildirdi ki, M.Əliyevin səfirlikdən çıxarılaraq ölkədə hansısa rəhbər vəzifəyə təyin olunmasını real sayır: «Məhərrəm Əliyev çox məlumatlı şəxsdir. 1993-cü ildən 2007-ci ilə qədər polis rəisi vəzifəsində çalışıb. Məhərrəm Əliyevlə Ramil Usubovun arasında ziddiyyətlərin olması hər kəsə məlum idi. Hamıya məlum idi, BŞBPİ ilə Nazirlik arasında soyuqluq olub. Məhərrəm Əliyev rəis olduğu dövrdə Ramil Usubov bir dəfə də olsun BŞBPİ-nin binasına ayaq basmayıb. Yalnız Rafiq Abbasov rəis təyin ediləndən sonra nazir BŞBPİ-də keçirilən tədbirlərdə iştirak edib. Bu da xoşagələn bir hal deyildi.  Nazir və nazir müavinlərini prezident təyin edib. Əgər prezident sabah Məhzərrəm Əliyevi MTN-ə, və ya DİN-in özünə rəhbər vəzifəyə təyin etsə, bunu kimlərinsə arasında münasibətləri qəlizləşdirmək üçün deyil, cinayətkarlığa qarşı birgə mübarizə aparmaq üçün edəcək. İstənilən halda Məhərrəm Əliyevin hüquq-mühafizə orqanlarından birinə rəhbər vəzifəyə gətirilməsi məlum rəqabəti gücləndirəcək. Bununla belə hesab edirəm ki, Məhərrəm Əliyevin MTN-ə gətirilməsi baş tutarsa bundan ancaq qazananlar olacaq. Yəni Məhərrəm Əliyev hüquq-mühafizə orqanları üçün uğurlu kadrdır».

Hüquqşünasın sözlərinə görə, MTN-nin həyata keçirdiyi «qara kəmər» əməliyyatı, valyuta dəyişmə məntəqələrinə basqınla bağlı qapalı cinayətlərin açılması Eldar Mahmudovun və onun komandasının uğurlu seçim olmasından xəbər verir: «Amma mənim Eldar Mahmudovun təşkilatçılıq qabiliyyətindən xəbərim yoxdur. Bunu MTN-də işləyən şəxslər daha yaxşı bilər. Düşünürəm ki, əgər Məhərrəm Əliyev MTN rəhbərliyində vəzifəyə qoyulsa bu uğurlu təyinat olar. Onun cinayətkarlığa qarşı mübarizədə böyük təcrübəsi var.  Mən demirəm ki, Məhərrəm Əliyev Bakı şəhəri üzrə polis rəisi vəzifəsində işləyəndə fəaliyyətində nöqsanlar olmayıb. Olub. Mən onun fəaliyyətini vaxtilə kəskin tənqid etmişəm.  Ramil Usubovun, Eldar Həsənovun, Eldar Mahmudovun da fəaliyyətini mən tənqid etmişəm».

 

RAMİL

19 Yanvar, 2011  19:35 Baxılıb: 5607

Bu bölmədə