Simsar.az | bizi özünüzə Simsar bilin
İlhamə Quliyeva: “Mən şou-biznes göbələklərinə baxmıram”

Türk Dünyasının Sənət Kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət Ordenli, Primadonna, hər zaman formada olan xanım-xatın  İlhamə Quliyeva Simsar.az-ın qonağı oldu.

-İlhamə xanım sizi çoxdandır maqazin proqramlarında görmürük...

-Bilirsiniz, mən özümü bu proqramlarda görmürəm. O proqramları mən yaşıma, sənətimə statusuma yaraşdırmıram. Mənim indi elə vaxtımdır ki, gərək öz statusumu qoruyam. Yəni o xanımlığı o sənətkarlığı daim əlimdə saxlamaqdan ötrü o proqramlara çıxmıram. O tip verlişlərdə xoşa gəlməz məqamlar çoxdur. Cılızlıq, bayağılıq, bir-birinə təhqiramiz fikirlər söyləmək, yalandan quraşdırılmış ucuz şoular mənlik deyil.

-İlhəmə xanım bildiyimiz kimi Sizin fəxri adlarınız, titul və mükafatlarınız çoxdur. Türk Dünyasının Sənət Kraliçası tituluna da layiq görüldünüz və bu da deyərdim çoxlarının gözünü çıxartdı...

-(gülür)30 ildir ki bu titul heç kəsə verilməyib. Bir dəfə bu titul Zəki Mürənə verilib, Türk Dünyasının Sənət Kralı. O, dünyasını dəyişəndən sonra bu mükafat heç bir sənətçiyə qismət  olmayıb. Türk dünyasının sənət kraliçası o deməkdir ki, bütün türk dünyasının sənətinin birincisi, eyni zamanda Azərbaycan mədəniyyətinin, incəsənətinin birincisi. Mənim bütün bu qazandığım mükafatlar nə deməkdir? O deməkdir ki, bu Azərbaycan mədəniyyətinə - incəsənətinə verilən qiymətdir. Bu mükafatlar hamısı tarixdə qalır. O ki qaldı sizin dediyiniz kimi göz götürməməyə, çalışsınlar onlar da  qazansınlar. Hər kəsin öz alın yazısı, öz naxışı var. Bu mükafatlar mənim yaşımdır, can sağlığımdır, zəhmətimdir, xalqa xidmətimdir. Bütün həmkarlarıma Allah qismət eləsin. Paxıllıq, qısqanclıq da ki, bizim faciəmizdir. Əgər padşah ağ atın üstündə oturub gedirsə aşağıda dayananlar təbii ki, baxıb qısqanacaqlar.

 “Fəxri  adlar, yeni ildə şaxta babanın uşaqlara payladığı hədiyyələr kimi olub” 

-Titullardan, adlardan söz düşmüşkən, Azərbaycanda istənilən sənətçi indi xalq artisti və əməkdar artist adlarıni rahatlıqla ala bilir. Sizcə niyə bu qədər asanlaşıb?

-Mən 15 il Azərbaycan incənətinə xidmət etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə Əməkdar artist adına layiq görüldüm. 16 il keçəndən sonra Xalq artisti adını aldım. Üstündən 5 il keşəndən sonra Şöhrət ordeni ilə mükafatlandırıldım. Şöhrət ordeni hər adama verilməz. Bunu böyük zəhmət nəticəsində qazanmaq olar. Hətta belə bir yerə çatıb ki, Şöhrət ordeni də bəzən doğru sahibini tapmır. 2008-ci ildə Dağıstanın Xalq artisti adını aldım. Xalq özü hər kəsin qiymətini verir. Layiq olmayan sənətçi Əməkdar və ya Xalq artisti adını alanda xalq tərəfindən gülünclə qarşılanırlar. Bu o titulu alanlar üçün özü böyük cəzadır. Əslində mən o titulu alanlarda da günah görmürəm. Günah bunu ucuzlaşdırıb, yuxarı təbəqələrə təqdim edənlərdədir. Mən elə əməkdar artist tanıyıram ki, gedib Mədəniyyət nazirinin ayağına yıxılıb, yalvarıb ki, mənə Əməkdar artist adını ver. Bizim cənab prezidentimiz çox humanist bir insandir. O “yox” sözü bilmir, ancaq “hə” deyir. Necə ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan İncənətinin nümayəndələrinə böyük hörməti var idi. Çox təəssüf edirəm ki, fəxri  adlar, yeni ildə şaxta babanın uşaqlara payladığı hədiyyələr kimi olub.  Niyə? Hansı zəhmətinin sayəsində. 2 gündür çıxdığı gəlib villasını, bahalı avtomobilini göstərir. Bunun ailəsində ata və ana demir ki, ay 20-25 yaşlı cavan xanım hardandır bu sənin üçün? Sponsor sözünə də nifrət edirəm. Sponsor o bahalı evlər, avtomobillərdir. Ayıbdır, biabır olmuşuq.

-Öncə qeyd etdiniz ki, şou-proqramlardan çəkilmisiniz. Bəs kənardan baxırsınızmı, izləyirsinizmi və nə görürsüz orda?.

-Biabırçılıqdan başqa heç nə görmürəm. Çalışıram ki, heç baxmayım. Bütün kanalların ictimai-siaysi verlişlərinə, xəbərlər proqramına baxıram. Açıq deyirəm mən şou-biznes göbələklərinə baxmıram.

-Bir sənətkar kimi necə düşünürsünüz o qarışıqlığın işində ümid verici kimsə varmı?  

-Ələyə qalsa çox illər lazımdır. Əvvəl Dövlət Televiziyasında Bədii Şura var idi. Biz bir dənə mahnını efirə verməkdən ötrü 2-3 ay onun mətni yoxlanılırdı. Bir mahnını ərsiyə gətirmək üçün bizə bir neçə ay lazım olurdu. Mahnının mətni və musiqisi senzuradan keçməli idi. Həmin qaydaya Dövlət Televiziyasında indi də riayət olunur. Qalmaqallı verlişlər, açıq-saçıq geyimlər görməzsiz. Dövlət Televiziyasının bu günkü rəhbəri Arif Alışanov hörmətli insandır. O gənc yaşlarından oradan bəhrələnib. Baxın, mədəniyyət ocaqlarında kimlər dərs deyir. Özü oxumağı bacarmayanlar, ritmi bilməyənlər dərs deyirlər. Həftənin bu başı dosentdirlər, sonu professor. Xeyir ola? Onlar professordurlarsa mən akademik, Nobel Mükafatı laureatıyam. Professor adı belə rahat olub? O zamanlar professor Bülbül, Rəşid Behbudov, Şövkət Məmmədova idi.

-Mraqlıdır, onlardan dərs alan tələbələr nə öyrənirlər?

-Elə onların günündədilər. Mədəniyyətə ciddi nəzarət lazımdır. Alaq otlarını təmizlənmək lazımdır. Axı ölkənin birinci göstəricisi onun mədəniyyətidir. Güclü idioloji təbliğat vasitəsidir. Mən dünyanın çox yerində Azərbaycan mədəniyyətini, bayrağını uca tutmuşam. Hər dövlətdə Azərbaycan günləri keçirilirdi, mən o günlərdə iştirak etmiəm. Axır 5-6 ildə mən unutmuşam ki, belə günlər var. Mədəniyyətə xidmət edənlər unudurlar ki, bu həyatda İlhamə xanım, başqa böyük sənətkarlar var. Yığırlar bu göbələkləri aparırlar. Onlar Azərbaycanı hansı sənətləri ilə təbliğ edirlər? Mən bunu başa düşə bilmirəm. Qızıl qaldıqca qızıla dönər, qiyməti daha da artar. Deməli, əgər sənətkar yaşa dolursa, ona daha çox nəzarət yetirmək lazımdır. 45 ildir, sənətdəyəm, 2003-cü ildə Türkiyə də Atatürk Kültür mərkəzində Dünya qadınlarının sinpozumunda, mən Beynəlxalq Statuslu sənətçi tituluna layiq görüldüm. O titula iki nəfər layiq görüldü. Mən incəsənət üzrə, siyasət üzrə isə Şri-lankanın prezidenti. Bu sadaladığım mükafatların hamısının möhürlü sertifikatı var. 5 il əvvəl “Xoş məramlı dünya səfiri” adına layiq görülmüşəm.

-İlhamə xanım, Tükəzban xanımın yaşadığı evdə bareylef qoyulmayıb...

-Məni ən ağrıdan məsələlərdən biri də budur. Bir ailədə 3 xalq artisti olub. T.İsmayılova, H.Bayramov və mən. Biz iki əsr Azərbaycan incəsənətinə xidmət etmişik. 45 il mən, 65 il anam, 40 il də Həbib müəllim. Niyə onların evlərində barelyefləri hələ də qoyulmayıb? Bir dəfə Muğam Mərkəzinə bir tədbirə getdim içəridə böyük sənətkarların  büstlərini gördüm. Ancaq nə Tükəzban xanımın, nə də Həbib müəllimin büstünü  görmədim. Muğam Mərkəzi başıma fırlandı. Həmin gün mən çoxlu dərman içdim. Özüm özümə sual verdim bu boyda zəhmətin bəhrəsi bu imiş. Niyə görə bu boyda böyük sənətkarlar unudulub? Gözüm çox axtarırdı. Çox təəssüfləndim. Belə şeylərin qayğısına qalmaq lazımdır. İnsanların ruhu inciməsin.

-Dünya Azərbaycanlıları Konqresinin (DAK) Almaniya və İngiltərədə keçirilən qurultaylarında siz niyə iştirak etmədiniz?

- Əvvəla onu qeyd edim ki, 2-3 ildir ki, DAK parçalanıb, dəstələrə ayrılıb. Hazırda DAK yoxdur.  Öz xeyirlərini güdənlər qurumu parçalayaraq qruplara ayırıblar. Məni Əhməd Obalı, Cavad Zerəfti, Qulamrza Təbrizi  telefon açaraq dəvət etdilər. Ancaq mən özümü DAK-ı parçalayan qrupların heç birində görmədiyimə görə getmədim. Bundan əlavə qruplardan birinə başçılıq edən şəxs möhürü gizlədərək, mənim dəvətnaməmi möhürləməyib. Hələki o şəxsin adını çəkmirəm, çünki onun üçün reklam olar. O insan bilmir ki, mənin diplomatik pasportum var, istədiyim vaxt gedə bilərəm. O möhürü gizlədən şəxs bilir ki, İlhamə xanım əgər toplantıda iştirak eləsə onun bütün əyri-əskiklərini hamıya aşkarcasına deyəcək. Sadəcə olaraq mən özümü bu dəstələrin heç birində görmürəm. Diasporanın sədri Nazim İbrahimov bu iclaslarda içtirak etməyibsə, ansı qurultaydan söhbət gedə bilər? Molli birlik nə vaxt olsa mən də birinci sıralarda olacam. Mən DAK Mədəniyyət Akademiyasinin prezidenti seçilmişəm, o vəzifəmdə də varam.

“Özümə hörmət edirəm və çox istəyirəm” 

-Sənətdə zirvədə olan bir sənətkarsınız. Bir qədər oxuculara sizi başqa tərəfdəndə təqdim etmək istəyirik. Təbii ki, tamaşaçılar sizi səmimi bir qadın kimi tanıyıblar. Hər kəs üçün maraqlıdır İlhamə xanım ev işləri, mətbəx işləri ilə məşğul olurmu?

-Əlbəttə məşğul olur. Mətbəxdəki məharətim mənə Tükəzban xanımdan yadigardır. Hamısını ondan öyrənmişəm. Boş vaxtım olan kimi məni ancaq mətbəxdə tapmaq olar. Mən qurmanam, ləzzətli yeməkləri çox sevirəm. Gün ərzində bir dəfə yeyirəm. Qonaqsevərəm, özüm qonaq getməyi də sevirəm. Ciddiliyim də yumorum da var. Əvvəl məndən ehtiyat edirlər, hörmət edirlər. Amma mənlə ünsiyyətə daxil olandan sonra deyirlər ki, siz nə qədər rahat insansınız.

-İlhamə xanım sizi həmişə formada görürük. Bu qədər işlə necə bacarırsınız?

-Mən özümə hörmət edirəm və çox istəyirəm. Çünki hər bir insan özünü çox istəməlidir. Çəkiliş oldu, olmadı mən formada olmalıyam. Tükəzban xanıma da həmişə deyirdim ki, yuxudan duran kimi makiyaj et. Deyirdi məni biri bəyənib, onunla da ömrüm tamamlanıb. Deyirdim bu özün üçündür. Evdə həmişə köməkçilərim olmasına baxmayaraq xörəyi mən bişirmişəm. Mənim bişirdiyim yeməkləri Tükəzban xanım çox bəyənirdi. Bilirsiniz, köməkçi əlindən mən çay içə bilərəm, ancaq yeməyi gərək özüm bişirim. Yeməkləri də sevirəm, bişirməyi də.

-Bir qadın zövqlü, gözəl görünmək üçün vacibdir ki, son dəblə geyinsin?

- Xeyir. Bu qətiyyən vacib deyil. Dəb odur ki,  insana yaraşsın. Mənə yaraşmayan geyimi almıram. Ən birinci öz gözlərimə inanıram. 10 nəfər desə də bu sənə yaraşır yenə də öz seçimimi edirəm. Mən doğulanda saçımın rəngi kül rəngi olub. Desələr ki, saçını qara rənglə etmərəm. Bilirəm axı mənə o yaraşmaz. Yaxud da mini geyimlər. Mən cavanlığımdan və gəncliyimdən mini geyinməmişəm.

-Yeni ilin gəlişi münasibətilə xalqımıza nə arzu edərdiniz?

-Qoy hamımızın ürəyində olan arzuları çin olsun. Xalqımızın süfrəsində ruzusu bərəkəti bol olsun. Daim üzləriniz gülər olsun!

İradə Nurəddinqızı

 

19 Yanvar, 2011  19:10 Baxılıb: 3414

Bu bölmədə