Simsar.az | bizi özünüzə Simsar bilin
Naxçıvanda tab gətirə bilən yeganə jurnalist...


 

Lahıc səfərindən dönər dönməz oradakı təəsüratlarımı sizinlə bölüşərkən növbəti səfərim haqqında da düşünürdüm. Reportaj üçün əlverişlı yerlər çox olsa da mən daha maraqlıməkan axtarırdım. Nəhayət ki, qərara gəldim. Bu dəfə sizə Naxçıvanda gördüklərim, eşitdiklərimdən, başıma gələnlərdən danışacağam...

...Heç sübh azanı verilməmişdi, fotomüxbirimiz Əjdərlə artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idik.  Nə Əjdər, nə də mən Naxçıvanda olmadığımızdan “görəsən necə olacaq, necə yerdir” ? -deyə söhbət edirdik. Nəhayət ki, qeydiyyat vaxtımız çatdı, keçıb təyyarəmizə yaxınlaşdıq. Elə bilirdim "basabas” ancaq metro və avtobuslarda olur. Təyyarəyə minəndə yaşadığım “basabas”- dan sonra metro və avtobuslara “şükr” dedim. Güc-bəla ilə gəlib yerlərimizə oturduq. Budur, Azərbaycanca güclə danışan stüardessanın nazik səsini eşitdik. Təyyarədəki qaydaları başa salan xanım eyni zamanda telefonları da söndürməyi xahiş etdi. Yenicə yerdən üzülüb havaya qalxmışdıq ki, arxamızdakı şişman dayının telefonuna zəng gəldi: “Aloo, hə, hə qalxmışıq uje, gəlirik daa bə...”

...1 saatlıq uçuşdan sonra Naxçıvan torpağına endik. Gələndə necə basabasla təyyarəyə minmişdiksə, elə də düşdük. Daha doğrusu itəliyə-itəliyə düşürtdülər. Bu bizim millətə xas olan, nəqlıyyat vasitələrindən istifadə qaydalarıdır. Eşitmışdim ki, Naxçıvan soyuq olan yerdir deye, əlavə isti geyim, şərf  də götürmüşdüm. Amma çatar-çatmaz istidən əynimdəki üst geyimimi də çıxarmalı oldum.  Naxçıvan Hava Limanında bizi əvvəlcədən danışdığımız bələdçimiz  Abbasov Rövşən gözləyirdi. Onunla görüşüb, Muxtar Respublikadakı reportajımıza başladıq. Budur jurnalistlərin cürət eedib reportaj etmək üçün gedə bilmədikləri məkanda Simsar.az əməkdaşları iş başındadır. Jurnalistlərin kamerası, fotoaparatı hətta qələmləri sındırılan Muxtar Respublikada biz çox rahatlıqla reportaj həyata keçırdık.  Daha dəqiq Naxçıvanda tab gətirə bilən yeganə jurnalistlər olduq.

Bildiyim qədər Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürüb, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olublar. Bir zamanlar məkan "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanıb. Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. 3500 ildən çox yaşı olan Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində Sasanilər tərəfindən dağıdılıb...

Şəhərə çatar-çatmaz bir doğmalıq, istilik hiss etdim. Ətrafdakı nizam, intizam, sakitlik, sakinlərin bir-birinə mehribanlığı diqqətimi çəkdi. Bələdçimizin sözlərinə görə şəhərdə hər şənbə və bazar günləri iməcilik keçirilir. “Naxçıvanın qanunları başqadir”- deyən Rövşən buradakı abadlıq işlərindən ağızdolusu danışdı.  “Naxçıvanda bekarlar ücün cayxana yoxdur. Belə yerlərin hamısı bağlanıb. Rayonlarda camaat gedib ancaq domino, nərd oynayırdı deyə Naxşıvanda bekar çayxanaları yığışdırılıb”.  Gəzintimiz boyu nə şəhərdə, nə də şəhərdən kənarda butka və ya, küçə satışına rast gəlmədik. Şəhərdə 4 ticarət mərkəzi, iki bazar və standarta uyuğun ərzaq malları mağazaları fəaliyyət göstərir. O ki qaldı şəhərdəki nəqliyyat vasitələrinə, sürücülər hamısı xüsusi geyimdə işləyirlər. Xidmətdə dəqiqliyə və yol hərəkəti qaydalarına riayət etməyənlər üçün isə ciddi ölçü götürülür.  Rövşənin sözlərinə görə burada xeyir şər evləri və cənazə maşınları  sakinlərə pulsuz xidmət göstərir. Əvvəllər üzümçülükç pambıqçılıqla məşğul olan Naxçıvan sakinləri indi əsasən taxılçılıqla məşğuldurlar...

Əshabi-Kəhf səfası

Şəhərdə qısa gəzinti edib, bələdçimizlə bir qədər söhbətləşdikdən sonra yolumuzu buranın qədim, tarixi və dini məkanı olan Əshabi-Kəhfdən saldıq. Məkana çatmamış yolumuzun üstündəki su quyusu ilə tanış olduq. Quyudakı su birdən – birə öz-özünə qaynayır, sonra isə sakitləşır. Rövşənin sözlərinə görə bura gələn zəvvarlar saatlarla suyun qaynamasını gözləyirlər ki, diləkləri qəbul olsun. “Ayağınız yüngüldür, diləyiniz də qəbul oldu. Baxın, gələn kimi su qaynamağa başladı”. Bir az suyun kənarında dayanıb onun qaynamasını tamaşa etdikdən sonra Əshabi-Kəhfə yolumuzu davam etdirdik. Budur əfsanəvi məkana gəlib çatdıq. Oradakı təəssüratlarimdan söz açmamışdan əvvəl bir az bu qədim tarixi və dini məkan haqda danışmaq istəyirəm. Əslində bu məkan haqqında dəqiq məlumatı Mənəvi Dünya İctimai Birliyindəki dostlarımızdan öyrəndim. Sən demə, Əshabi-Kəhf sözü ərəbcədən “mağara əhli”  anlamına gəlir. Həmin mağara əhli Qurani-Kərimdə insanlara örnək olaraq göstərilib. Görəsən bu mağara əhli kimlərdir ki, Allah onların əməllərinə bu qədər önəm verərək, adlarını Qiyamətə qədər əbədiləşdirdi?  Əshabi-Kəhf Quranda zikr edilsə də, öncəki səmavi kitablarda onlar barədə heç bir məlumat yoxdur. Ona görə də, həmin gənclərin Həzrət İsadan (ə) sonra yaşayıb xristian olduqlarını iddia etmək daha məntiqli olar. Həqiqətən də, xristian aləmi yeddi Efes gəncinin hadisəsindən agahdır. Beləki, xristian tarixçilərinin yazdığına görə, III əsrdə Roma imperatorluğunun Efes şəhərində (hazırda Efes Türkiyə ərazisindədir) yeddi yunanəsilli zadəgan gənc,  xristian dinini qəbul ediblər.  Həmin dövrdə, Roma imperatorluğu ərazisində bütpərəstlik rəsmi din idi və Tək Allaha sitayiş edən xristianlıq yasaqlanmışdı. Başda Efes valisinin oğlu Müqəddəs Maksimilian (Məksəlinə) olmaqla daha altı zadəgan gənc o zamanın adətinə görə orduda xidmət etməli idilər. 249-251-ci illərdə hökmranlıq edən imperator Desius Trayan (Dağ Yunis) günlərin birində əmr edir ki, əsgərlər bütlərə qurban kəssinlər. Həmin yeddi gənc bundan imtina edirlər və nəticədə ordudan qovulurlar. Gənclər bir itlə şəhəri tərk edib mağarada gizlənir və burada Allahla raz-niyaz edirlər. Bir gün gənclərdən biri Müqəddəs İamvlix (Yəmlixa) mağaradan çıxıb şəhərə çörək dalınca gedəndə xəbər tutur ki, imperator onların edamına hökm verib: yeddi gənc yaşadıqları mağarada diri-diri hörülməli idi. Məhkəmədə iştirak edən iki nəfər məmur təqiyyə edən xristianlar idi, yəni dinlərini gizlədirdilər. Ona görə də, onlar mağara hörülərkən ora yeddi gəncin həyatı barədə məlumat yazıb qoyurlar. Lakin gənclər ölmədilər, Allah onları 200 illik yuxuya qərq etdi. Həmin dövrdə artıq Roma imperiyası xristianlığı qəbul etmişdi. İmperator Feodosiyin yanına bir iddə kafir gələib ona deyirdilər ki, Qiyamət günü insanların dirilməsi mümükün deyil, çünki onların cəsədi çürüdüyündən sonra cismi bərpa etmək mümkünsüz olacaq. Bu mübahisə imperiya ərazisində geniş yayılır. Elə bu dövrdə gənclər oyanır və neçə il yuxuda qaldıqlarını bilmir. Dağılmış divardan çıxıb Müqəddəs Yəmlixa adəti üzrə çörək dalınca şəhərə gedir. Şəhərdə xrisitinlıq rəmzlərini görən gənc təəccüb edir. Sonra çörək alarkən, o, cibindəki pulu verir və satıcı onu qədim pul oğrusu sanıb məmurlara  təhvil verir. Bu zaman Efes valisinin yanında olan yepiskop hadisədən xəbər tutub xalqı aparır həmin mağaraya və orada həm qədim kitabə, həm də digər gəncləri görürlər.

İslam mənbələrində də, təxminən bu hadisə qeyd olunur. Lakin, gənclərdən birinin zadəgan deyil, sonradan qoşulan bir çoban olduğu bildirilir. Həm də müsəlmanlar ili qəməri təqvimlə hesabladığından, Qurani-Kərim onların 309 il yatdıqlarını bəyan edir. Allah bu hadisəni belə nəql edir: “...Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik. Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. (Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!” (Gənclərin başçısı, belə dedi: ) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın”. (Orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən. Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: “(Mağarada) nə qədər qaldınız?” Onlar: “Bir gün və ya bir gündən az!” – deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi gətirsin. O, çox ehtiyatlı olsun və sizin barənizdə heç kəsə bir xəbər verməsin! Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz nicat tapa bilməzsiniz!” Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər... (Kəhf surəsi, ayələr 9-21)

...Onu da qeyd edim ki, Əshabi-Kəhf haqqında bir çox rəvayətlər var. Belə ki, dünyanın bir sıra bölgələrində Əshabi – Kəhf adı ilə məşhur olan mağaralar mövcuddur. Naxçıvandakı Əshabi-Kəhf şəhərdən təqribən 12 km aralı,  İlandağ ilə Nəhəcir dağı arasında yerləşən mağaradır. Sözügedən məkanda soyuqdan və istidən qorunmaq üçün hər cür şərait var.  Kənardan mağaraya gedib çatmaq nə qədər çətin görünsə də, rahatlıqla dağın başına qalxdıq. Havanın təmizliyi, ətrafdakı sakitlik lap adamı məst edirdi.  Burada Zəvvarlar üçün mükəmməl və əlverişli şərait yaradılıb. Əsrlərdir insanların inanc yerinə çevrilən Əshabi-Kəhfdə bərpa və abadlıq işləri 1998-ci ildə umumilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə həyata keçirilib. Bu gün isə bu ənənəni Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbov davam etdirir. Ziyarətgaha girər – girməz burada xüsusi nəzarətin, himayənin olunduğu dərhal hiss olunur. Ətrafdakı təmizlik,  yaradılan səliqə - səhman bizi heyran qoymuşdu. Düzünü etiraf edim bu qədərini gözləmirdim. Düşündüyümdən də artıq ürəkaçan məqamlarla rastlaşdım.

Mağaradakı təbii sığınacaqlar ayrı-ayrı otaqları xatırladır. Uzun illər yandırılan tonqalların təsirindən divarlar qaralıb. Əvvəllər təbii giriş çox çətin keçilə bilən, sürüşkən qayadan ibarət olsa da indi bu sürüşkən qayalar xüsusi pilləkənlər və keçidlərlə əvəz olunub. Ərazi bütövlükdə qayalar və daşlardan ibarətdir. Ancaq buna baxmayaraq, yuxarı qalxdıqca xeyli ağac və kollara rast gəldik.“Damcıxana” deyilən məkana gəlib çatdıq. Bura gələn zəvvarlar “Damcıxana”-da başlarına damcı düşənə qədər oturub gözləyirlər. Fotomüxbirimiz Əjdər istəməsə də burada xeylı oturub başıma damcı düşənə qədər mən də gözlədim. Mən bir damcı gözləyirdim, ikisi-üçü birdən düşdü...Mağaradan düşəndə isə bir ağ pişik yüyürərək mənə tərəf gəldi. Pişiklərə qarşı o qədər də marağım yoxdur, amma bunu sevdim. Miyoldayaraq qarşımda əzizlənməsi isə lap xoşuma gəldi. Bir az onu əzizləyəndən sonra yolumuza davam etdik...

 

 

(Ardı var...)

İradə Nurəddinqızı

19 Yanvar, 2011  17:57 Baxılıb: 4231

Bu bölmədə