Simsar.az | bizi özünüzə Simsar bilin
Qocalan siyasətimizdə lider problemi

 

Politoloqa görə oğlanlar var,  amma şərait yoxdur

 

 

«Tələbəlik illərindən siyasətlə məşğul olmuşam. Müxalifət partiyalarının birinin gənclər təşkilatına üzv oldum. Vaxtımı, gəncliyimi, enerjimi siyasətə sərf etdim. Amma heç nə əldə etmədim». Bunu uzun müddət Müsavat Partiyasının gənclər təşkilatında təmsil olunan Babək adlı gənc deyir. Bildirir ki, o, ixtisasca politoloq olsa da, partiyada heç bir siyasi təcrübə toplaya bilməyib: «partiyada önə keçmək mümkün deyil. Bir tərəfdən maddi problemlər yaşanır, digər tərəfdən isə daxili intriqalar adamı həvəsdən salır». Müxalifətdə olan bütün partiyalarda daxili demokratik vəziyyət təxminən eynidir. Uzun illərdir ki, partiyalar eyni liderlər tərəfindən idarə olunur. Milli azadlıq hərəkatı dönəmində cərəyan edən siyasi proseslər Azərbaycan politikasına bir neçə gənc lider «bəxş» etdi. Ziyalıların arxasınca mübarizə meydanında irəliləyən siyasilər tarixi-siyasi şəraitin imkanlarından məharətlə yararlanaraq qısa müddət ərzində elə bir sıçrayışla önə çıxdılar ki, hətta aydınları gölgədə qoymuş oldular. Artıq 90-cı illərin əvvəllərində gənc Azərbaycanın idarəçiliyi onların əlində idi. Ölkədə və regionda cərəyan edən siyasi proseslər, Dağlıq Qarabağ münaqişəsinin şiddətlənməsi, hakimiyyətdaxili qarşıdurmanın güclənməsi «cəbhə hakimiyyəti»ndəki gənc siyasi liderlərin iqtidardan müxalifətə keçməsinə səbəb oldu. İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov, Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu kimi partiya sədrlərinin formalaşması eyni tarixi dövrə və eyni siyasi proseslərə təsadüf edir. Onlar fərqli siyasi baxışları bölüşmələrinə, bir-birilərinə qarşı mənfi və ya müsbət münasibətdə  olmalarına, ictimaiyyət tərəfindən necə qəbul edilmələrinə baxmayaraq Azərbaycan xalqının son 20-25 ildə yetirmələridir.  15-20 ilə yaxındır ki, onların əksəriyyəti partiya sədridir, öz postlarını hələ də itirməyiblər.  Kobud da səslənsə, kötük kimi gənclərin yolunun üstünü kəsdiriblər, qabağa getmələrinə mane olurlar.  Onlar partiya sədri olduqları dövrdə müxalif düşərgədə yeni siyasi liderlər yetişməyib. Siyasətə gələnlər bu yolu perspektivsiz görüb yarıdan qayıdıblar. Bəlli simaların uzun illərdir eyni postda əyləşmələri isə ətrafdakıların gözlərin mazor edib, bezdirib, siyasəti yorucu sahəyə çevirib.  Son vaxtlar Müsavat Partiyasından ardıcıl istefa şüarlarının eşidilməsi də məhz uzun illər bu siyasi qurumun eyni şəxs tərəfindən idarə olunmasının nəticəsi kimi qiymətləndirilir. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanda gənc siyasi liderlər var, lakin onların yetişmələri üçün şərait yoxdur: «Mövcud siyasi liderlərin nüfuzu gənc siyasilərin önə keçməsinə imkan vermir.  Vaxt yetişəndə biz siyasətdə yeni simaları görəcəyik. Onların üzə çıxması üçün hazırda şərait yoxdur. Mən konkret ad çəkməyə artıq qorxuram. 90-cı illərin əvvəllərində Əli Kərimlinin adını çəkmişdim. Bildirmişdim ki, ondan lider çıxar. Amma günücü intiriqalara sərf etdi və proqnozum özünü doğrultmadı. Ona görə də, konkret ad çəkməkdən ehtiyat edirəm».

 

RUSLAN

19 Yanvar, 2011  17:42 Baxılıb: 2246

Bu bölmədə