Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Şükürov: “Anji” transferimdən gəlir götürmək istəyir”

“Komandamız yanvarın 7-də təlim-məşq toplanışına başlayacaq. Mahaçqalaya da həmin vaxt gedəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Mahaçqala təmsilçisindən ayrılacağı gözlənilən 28 yaşlı yarımmüdafiəçinin hansı addım atacağı gələn ay müəyyənləşəcək. Rusiya Premyer Liqasının iki klubundan dəvət alan Şükürov debütant “Volqa”nın təklifi dəyərləndirmək istəyir. Sabiq baş məşqçisi Omari Tetradzenin rəhbərliyi altında oynamaq istəyən Mahir “Spartak”a da keçə bilər: “Nalçik “Spartak”ı və Nijni-Novqorod “Volqa”sı xidmətimdə maraqlıdır. Özüm “Volqa”da oynamaq istəyirəm. Çünki keçmiş baş məşqçim Omari Tetradzeni yaxından tanıyıram. Ancaq bunun üçün gərək iki klub rəhbərliyi ortaq məxrəcə gəlsin”.

Şükürovun “Anji”yə müqavilə ilə bağlı olması sərbəst gedişinə imkan vermir: “Müqaviləm 3 illikdir. Ona görə də başqa komandaya keçmək istəsəm də, bu, məndən asılı deyil. Bizdən fərqli, orda klub rəhbərləri çox pul istəyirlər. Yəni, bir ildə aldığından da artıq. Çünki bu transferdən klub gəlir götürmək istəyir. İndi məni transfer etmək istəyən komandalar “Anji” ilə danışıqlar masası arxasına əyləşməlidir”.

Qeyd edək ki, Mahir ötən qış Bakının “İnter” klubundan “Anji”yə Tetradzenin təşəbbüsü ilə keçsə də, gürcü mütəxəssis ilk turdan sonra istefa verdi.

29 Dekabr, 2010  18:46 Baxılıb: 2370

Bu bölmədə