Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni ili harada və necə qarşılamalı?

Yeni il şənliyi bizə neçəyə başa gələcək?

Bayram şənlikləri, xarici səyahətlər, yoxsa evdə qarşılama: kimlər hansını seçəcək?

İnsanlar hər dəfə təzə ili fərqli şəkildə qeyd etmək istəyir. Bu il daha çox nəzərə çarpan fərqlərdən biri yeni ilin xarici ölkələrdə qeyd edilməsidir. Əslində, bu, yeni adət deyil, amma öncəki illərə nisbətən bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. Milli.Az xəbər portalı insanlarımızın yeni ili harada və necə qarşılayacağını, bayramın iqtisadi cəhətdən nə qədər məsrəf tələb etdiyi araşdırıb.

Məlumdur ki, Azərbaycanın paytaxtı dünyanın əm bahalı şəhərlərindəndir. Amma günü-gündən bahalaşan həyat bir çoxlarını heç də narahat etmir, insanlar macəra axtarır və yeni ili xaricdə, daha ekzotik formada qarşılamağı maraqlı macəralardan hesab edirlər. İndi əksəriyyət yenilik axtarır, hər il bu tarixi başqa ölkədə qeyd etməklə bu fərqliliyi yaşamış hesab edirlər  -  kiminə görə lazımlı, kiminə görə əlçatmaz, kiminə görə isə əlavə xərc tələsi olan xarici ölkədə bayram qutlamalarına bizim ölkədən də gedənlər az deyil.
    
Azərbayacnlılar Yeni ili hansı ölkədə qarşılamaq istəyirlər?

Hələ ay öncəsindən qeydiyyatlarını həll etmiş həvəskarların kimisi artıq istədiyi ölkədədir, kimisi də yola çıxmağa hazırlaşır. Maraqlıdır, xarici ölkələrdə yeni ili qeyd etməyə yollananlar buna nə qədər pul xərcləyirlər?

Öncə məlumat üçün qeyd edim ki, dekabr ayının başından bir çox turizm şirkətlərinin biletləri - yeni il paketlərinin demək olar ki, yarıdan çoxu satılmışdı. Çünki yeni ili xaricdə keçirməyi planlaşdıranlar biletlərini hələ 2-3 ay öncədən sifariş edirlər. Belələrini nə Avropanın sərt qarlı-şaxtalı havası, nə də tez-tez təxirə düşən təyyarə reysləri maraqlandırır. Azərbaycanda havaların mülayim keçməsi də imkanlı həmvətənlərimizi məhz qarlı havada yeni ili qeyd etmək üçün xaricə yollanmağa həvəsləndirir.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə bu il xaricdə yeni ili qeyd etmək istəyənlər daha çox Türkiyə, Gürcüstan və Rusiyanı seçirlər. Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Şərq ölkələrinin (özəlliklə də, Yaponiya, Hindistan, Çin, Koreya) ekzotik və cəlbedici olduğunu düşünən səyahətçilərin fikrincə, bu ölkələrdə yeni il daha da maraqlı keçir.

Dünyada yeni il şənliyinin ən möhtəşəm keçirildiyi şəhərlərdən biri Moskvadır. Rusiyanın başqa şəhərlərində də yeni il şənlikləri gözəl təşkil olunur. Rusiya yeni ilə şaxtalı hava ilə girəcək. Amma sərt şaxta bu ölkəyə olan türist axınının qarşısını ala bilmir. Dünyanın hər yerindən bura turistlər yeni il qeyd etməyə gəlir. Azərbaycandan da bu ölkəyə yeni ili qarşılamaq üçün gedənlər az deyil.
Dünyadan Rusiyaya olan axın bir yana, rusların özü xaricə getməyə can atır. Ruslar yeni il qutlamaları üçün bütün xərclər daxil, adambaşına azı 500-1000 dollar xərcləyirlər. Amma bu ölkəyə gələn turistlərin yeni il ərəfəsində bir həftəlik xərcləmələri 1000-2000 dollar edir.

Xaricdə 1 həftəlik bayram istirahəti neçəyə başa gəlir?

Yeni il ərəfəsində xarici ölkələrdə fəaliyyət göstərən otellər və əyləncə mərkəzləri tam gücü ilə işləyirlər. Yerlərin çoxu öncədən sifarişlə tutulur. Çünki bu ölkələrdə yeni ili qeyd etmək istəyənlər çoxdur və əgər öncədən sifarişlə yerini tutmasansa, yeni ili getdiyin ölkənin küçələrində keçirməli olarsan.
Yeni il bayramının yüksək səviyyədə keçirildiyi ölkələrdə tətil etmək istəyənlər isə təbii ki, bunun bahalı olacağını bilir və heç də xəsislik etmirlər. Yeni il ərəfəsində yerli turizm şirkətlərinin xarici ölkələrə təşkil etdiyi yeni il paketlərinin qiymətləri də fərqlidir. Belə ki, bir nəfər üçün Milanda - 600, Antaliyada - 670, Londonda - 655, Romada - 720, Parisdə - 640, Praqada - 650 manata yeni ili qeyd edə bilərsiniz.

Bu pula daxil olanlar: təyyarə bileti, otel xərcləri, yemək və içəcəklərdir. Otel içərisində pullu xidmətlər - məsələn, gözəllik salonu, masaj və bu kimi digər xidmətlər ödənişə aid deyil. Qeyd edək ki, bayram turu adətən 6-7 gündən ibarət olur.

Türkiyədə dəbdəbəli otellərdə olduqca maraqlı yeni il şənlikləri təşkil olunur. Məhşur müğənnilərin də qatıldığı bu mərasimlərin qiyməti də əsrarəngiz olur. Misal üçün, yeni il gecəsi, Türkiyədə, həmyerlimiz Telman İsmayılova məxsus məhşur “Mardan Palace” otelində meqastar Tarkanın da qatılacağı şənliyə giriş haqqı 1000 manatdır.

Restoranlar və əyləncə mərkəzlərində

Xaricdə yeni ili qeyd etməyə imkanı və vaxtı olmayan vətəndaşlarımız şəhərdəki əyləncə mərkəzlərinə yollanır, ya da otellərdə təşkil olunmuş bayram şənliklərinə qatılır. Yəni, bayramı evdən kənarda, amma ölkədən çıxmadan qeyd edənlər də az deyil. Ailəsini əyləncə mərkəzlərindən birinə şənlənməyə aparan ailə başçısı gərək cibinə güvənsin.
Zatən cibinə güvənməyən kimsə yeni il axşamı 4-5 nəfərlik ailə ilə çölə çıxmağı, hardasa əylənməyi ağlından belə keçirməz. Çünki, onsuz da bahalı olan Bakı yeni il ərəfəsində və bayram axşamında fantastik dərəcədə bahalı bir şəhərə çevrilir.
Biz isə 4-5 nəfərlik ailənin orta səviyyəli restoran və ya kafedə yeni il şənliyi üçün gərəkən xərcləri hesablamağa çalışaq:
•  Plov - 20 manat
•  Şorba - 30 manat
•  Hind toyuğu - 40 manat
•  İçkilər - 50 manat
•  Salatlar – 20 manat
•  Tort və şirniyyatlar - 50 manat
•  Çərəz - 20 manat
•  Meyvə - 15 manat
•  Digər yeməklər - 15 manat
•  Başqa xərclər - 100 manat

Göründüyü kimi, kafe və restoranda yüngülvari yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə isə 400-500 manata başa gəlir. Qiymətin bahalığına baxmayaraq, bayram günlərində kafe-restoranlarda, əyləncə mərkəzlərində boş yer tapmaq çətin olur.

Böyük şənliklərin böyük qiymətləri

Şəhərimizdəki əyləncə mərkəzlərində və restoranlarda yeni ili qeyd etmək üçün maraqlı tədbirlər və proqramlar təşkil edilir. Bu əyləncələrə qatılmaq isə fərqli qiymətlərədir. Elə əyləncə mərkəzləri var ki, bayram gecəsi tanınmış müğənniləri, aktyorları və illizionistləri səhnəsinə çıxarır. Təbii ki, bundan sonra qiymətlər də vurur “kəllə-çarxa”.
Artıq 2 aydır ki, paytaxtdakı afişalarda, televiziyada, radiolarda bu cür şənliklərin reklamı edilir. Az qala mən də əzbərləmişəm yeni il gecəsi hansı müğənninin harda səhnə alacağını. Paytaxtımızın ən tanınmış və öncül restoranlarından hesab edilən “Neolit”, “Niaqara”, “Flaminqo”, “Ay işığı”, “Gilavar” “Xəmsə”, “Qızıl Qaya”, “Altun”, “Tabu”, “Yeganə” restoranlarında dekabrın 31-də və yanvarın 1-də dəbdəbəli bayram şənlikləri keçiriləcək. Bu şənliklərdə həm yerli, həm də xarici şou-biznes nümayəndələrinin çıxışı nəzərdə tutulub.

O ki qaldı, bu məkanlardakı qiymətlərə - bu, mərasiminə qiriş qiymətindən və sizin yeyib-içəcəyiniz menyudan asılıdır. Belə ki, 80-100 manat verib daxil olursunuz və içəridə də ən ucuz menyudan yararlansanız, süfrənizə 200-300 manat xərcləməli olacaqsınız. Bu rəqəmi də vurun ailə üzvlərinin, ya dostlarınızın (sizinlə iştirak edənlərin) sayına, nəticə göz qabağındadır.

Bir qədər sadə və o qədər də məhşur olmayan restoranlarda qiymətlər 50-100 manat arasında dəyişir.
Bir çox şirkətlər, dövlət qurumları və təşkilatlar bayram mərasimlərini kollektiv keçirməyə üstünlük verirlər. Yeni ili qrup şəkilndə kafe və ya restoran icarəyə götürərək qeyd etməyin xərci isə daha çoxdur. Şəhərimizdəki qiymətlər fərqli olsa da, orta qiymət 30-40 nəfərlik zal üçün azı 1000 manatdan, 100-200 nəfərlik zal üçün 3 min manatdan, 300-500 nəfərlik salon üçün isə 10 min manatdan başlayacaq.

Yeni il şəhər gəzintisindən sonra evdə qarşılansa…

Evdən kənarda yeni ili qeyd etmək istəyənlərdən bəziləri də sadəcə ailəvi şəkildə yeni il gəzintisinə çıxır, əylənir, daha sonra evdə bayram süfrəsi açır. Bu daha sərfəlidir, nəinki hardasa yemək-içmək. Amma bu durumda da xərclərdən qaçmaq olmur.
Tutaq ki, 4-5 nəfərlik bir ailə yeni il gəzintisinə çıxır. Əvvəla ailənin avtomobili olmalıdır ki, istədiyi ünvana rahat gedə bilsin. Əgər yoxdursa, onda taksi xidmətindən istifadə etməlisən. Bakıdakı taksilərə adi günlərdə yaxın düşmək olmur, o ki qaldı bayram axşamı yaxınlaşasan...
Yolkanın yanına getməklə iş bitmir, uşaqlara çərəzdən, oyuncaqdan almaq, yolkanı ətrafında şəkil çəkdirmək gərəkdir. Deyə bilərsiniz ki, öz fotoaparatınızla çəkəcəksiniz. Xeyr, yolka ki, sizin deyil, qabağında dayanıb şəkil çəkdirmək üçün pul ödəməlisiniz.
Bundan başqa gəzinti və yola sərf olunan vaxtda aclığını təxirə salmaq üçün yüngül yeyəcək və içəcəklər almalısan ki, bunları da şəhərdə normal qiymətdən 2-3 qat baha hesablayacaqlar. Bu sıraya attraksionları və digər əyləncə qurğularının xidmətlərini də əlavə etmək lazım gələcək. Yəni, 4-5 nəfərlik ailənin bir bayram gəzintisi azı 100 manat aparır.

Yeni il öncəsi bir çox mədəniyyət mərkəzlərində - teatrlarda, sirklərdə və mədəniyyət evlərində də yeni il şənlikləri təşkil olunur. Belə yerlərə giriş bileti o qədər də baha deyil- 5-10 manatla yola vermək olar.
Evə “Şaxta baba” dəvət etmək istəyənlər də əlavə xərc çəkməli olacaqlar. Bir saatlıq “Şaxt baba və qar qız” cütlüyü sizin ən yaxşı halda bir yüzlüyünüzü aparacaq. “Yeni ili gətirən” qonaqların uşaqlarınıza gətirdiyi hədiyyələrin pulunu da siz ödəməlisiniz.

Bu da biz…

Bəs həmkarlarımız yeni ili necə və harada qarşılayacaq? Jurnalistlər arasında kiçik bir sorğu keçirdik. Nəticə çox maraqlı oldu. Sorğunun sonucuna görə, qələm sahiblərinin çoxu bayramı evdə yaxınları ilə keçirmək istəyir. Maraqlı fikirlərdən bəziləri:
 Günel Eyyublu: “Fikrimcə, yeni ili xaricdə keçirmək və ailədən, yaxınlardan uzaqda olmaq gərəksiz bir şeydi. Əgər maraqlı keçirmək istəyirsənsə, onda gərək bütün ailə və yaxın insanlarla bir araya gələsən. Təəssüf ki son vaxtlar insanlarımızda ünsiyyət problemi yaranıb, bayramları yaxınlarla keçirməkdənsə, imkan daxilində kənarda əylənmək istəyirlər. Mən Bakıda, evimizdə qeyd edəcəm”.
İntiqam Valehoğu: “Ən yaxşısı evdə və ya şəhərimizin gözəl məkanlarından birində valideynlərimlə birlikdə qeyd etməkdir. Əgər mənim pulum varsa, bunu daha səmərəli işlərə sərf edə bilərəm. Ölkəmizdə quru çörəyə möhtac olan o qədər insan var ki, gedib hansısa ölkənin turizmini niyə inkişaf etdirirəm”.

Fərəməz Novruzoğlu deyir: “Ailəmdən çox uzaqdayam. Ona görə də bu məsələ məni o qədər də düşündürmür. Əksinə, beynimdə min bir fikir dolaşır ki, görəsən ailəm, övladlarım bayram süfrəsi aça bildilərmi? Məncə əsas olan ailə ilə birlikdə qeyd etməkdir. 22 ildir ailə qurmuşam, amma cəmi 3, ya da 4 dəfə ailəmlə birlikdə keçirmişəm bu bayramı... Mənim bu barədə şanssızlığım hələ də davam edir. Sonuncu dəfə bu bayramı 2004-cü ildə ailəmlə birlikdə keçirmişəm. Ailəsindən uzaqda yeni ili qeyd etmək üçün xaricə qaçanları heç anlamıram”.
Dilqəm Əhməd: “Yeni ili Bakıda qarşılamaq fikrindəyəm. Xaricdə qeyd etmək imkanlarına malik deyiləm. Deyim ki, bizdə də yeni il şənlikləri yaxşı təşkil olunur. Bayramı ailəm, yaxınlarımla qeyd edəcəm”.

Göründüyü kimi, yeni il bayramı bahalı bir bayram sayılır- istər xaricdə qeyd olunsun, istər də ölkəmizdə. Amma hər şeyə rəğmən bu bayramı yüksək səviyyədə keçirməliyik. Ən azı ona görə ki, yolka bayramı yeni ilin başlanmasından əlavə həm də bizim (türklərin) doğma və qədim bayramımızdır. Bayramınız qutlu olsun!

Elçin Bayramlı
Milli.Az

28 Dekabr, 2010  17:58 Baxılıb: 5376

Bu bölmədə