Simsar.az | bizi özünüzə Simsar bilin
Akif İslamzadə: “Özünə hörmət edən ana qızını ora aparar?”

Retro ifaçısı Akif İslamzadənin Milli.Az xəbər portalına müsahibəsi

«Nə oldu, biz 20 il ərzində belə madyanlaşdıq?!»


- Akif müəllim, hər bir dövr özünəməxsus maddi, mədəni, ruhi tələbləri ilə cəmiyyətin kimliyini, səviyyəsini müəyyənləşdirir. Məsələyə bu aspektldən yanaşsaq, sizcə, bu gün musiqi mədəniyyətimiz müasir sifarişləri yerinə yetirə bilirmi?

- Bu gün dünyanın özündə «mənəviyyat», «kültür» «mədəniyyət» anlayışları sıfıra enib. Maddiyyat mahiyyətcə mənəvi dəyərləri o qədər üstələyib ki, təkcə musiqidə deyil, mədəniyyətin bütün sahələrində bayağılıq, primitivlik yaranıb. Dünən meyxana deyənlər, bu gün özlərini şair adlandırırlar. Dünən özfəaliyyət səviyyəsində musiqi anlayışı olanlar, bir-birinə «böyük sənətkar» deyə müraciət edirlər. Bəzi kişi müğənnilərimiz nədənsə kliplərini sükan arxasında, qadınlar isə ya vanna, ya da yorğan-döşəkdə çəkdirirlər. Bütün bunlar demokratiya adı ilə insanlarda şəhvət hisslərini, ədəbsizliyi, tərbiyəsizliyi, açıq-saçıqlığı təbliğ etməyə yönəlib. Adını da qoyublar «demokratiya», «insan haqları». Görün, iş nə yerə çatıb ki, «insan haqları» adı ilə kişi-kişiyə ərə gedir və bunu da normal hesab edirlər. Toplumu kütləyə çevirmək üçün onu öz musiqisindən, öz poeziyasından ayırırlar. Əlbəttə ki,  bu gün bəsitlik, primitivlik önə çəkilir. Üstəgəl, cəmiyyətimizi də matriarxata çevirmək istəyirlər. Belə cəmiyyət üçün Avropa, Qərb nə qədər gözəl görünürsə, o qədər də təhlükəlidir. Ona görə də mən düz eləyib bizim televiziyalara baxmıram. Soruşa bilərsiniz ki, onda nəyə baxırsınız? Bir müdrik adam deyir ki, insanları çox tanıdıqca, heyvanları daha çox sevirəm. Mən daha çox heyvanat, təbiət aləmi ilə bağlı sənədli filmlərə, idman verilişlərinə baxıram. Televizora baxıb qiybətə qulaq asmaq, elə qiybət eləmək kimi bir şeydir.

- Televiziyanı izləməmək nəyisə dəyişəcək?

- Deyəsən, heç nəyi. Baxın, bayramlar ərəfəsində Dənizkənarı Parkda konsertlər düzəldirlər. Siz görün analar nə həvəslə öz qızlarını ora aparırlar. Bilirik ki, orda necə qarışıqlıq olur, hərə bir söz danışır. Amma analar fikirləşirlər ki, qızlarının ər tapması üçün əlverişli yerdir. Özünə hörmət eləyən ana öz qızını ora aparar? Yox. Deməli, təkcə televiziyalar deyil.


«Belə getsə, bunlar toy gecəsini də efirdə göstərəcəklər»


- Akif müəllim, indi televiziyalar evlənmək istəynlərin də işini asanlaşdırıb.

- Eşitmişəm. Amma baxmıram. Belə getsə, bunlar toy gecəsini də efirdə göstərəcəklər. Bu, ədəbsizlikdir. Hər tayfada, hər ailədə bir böyük olur. O, öz tərbiyəsi, əxlaqı ilə o tayfanı pisliyə də apara bilər, yaxşılığa da. Keçmişdə, normal cəmiyyətlərdə belə intim məsələlər 5-3 nəfər ailənin yaxın adamları ilə həll edilib. Eşitdiyimə görə, 70 yaşlı kişi gəlib orda özünə arvad axtarır, 60 yaşlı arvad nəvə-nəticələri var, ərə gedir.

Həyatdır, 70 yaşında da evlənmək olar. Amma bunu yaxşı bir şey kimi çıxıb hamıya təqdim eləmək olmaz. Biz görmüşük ki, oğul öz ata-anasının yanında hətta öz övladını belə, qucağına götürmürdü. Nə oldu, biz 20 il ərzində belə madyanlaşdıq?! Deməli, bunun səbəbləri var. Bayaq dediyim kimi, toplumu kütləyə, sonra da sürüyə çevirmək istəyirlər. Bununla insanlarımızı laqeydləşdirmək, tərbiyəsizləşdirmək, problemlərə biganə qalmağı aşılamaq istəyirlər. Torpaqları işğal altında olan ölkənin insanları, ümumiyyətlə, gələcəyini işıqlı görmək istəyən cəmiyyət bütün vasitələri təhsilə, gənclərin fizioloji, psixolji sağlamlığına yönəltməlidir, abırsızlığına yox. Əgər kimlərsə öz adını tarixə qızıl həriflərlə yazmaq istəyirsə, öz işini bu istiqamətdə aparmalıdır.

"Toylarımız qaraçı yığıncaqlarına çevrilib"

Bayaq dediyim kimi, təkcə efir məkanı belə deyil. İndi toylarımız da qaraçı yığıncaqlarına çevrilib. Fikir verin, arvadlar ortadan çıxmırlar. Əllərini qoyurlar bellərinə, dayanırlar ortada. Bir tərəfdən də uğultu baş aparır. O uğultu qadınların, uşaqların, musiqiçilərin səslərinin bir-birinə qarışmasından yaranır. Toylarımız da belə keçir. Axı keçmişdə böyüklərimizdən başqa, nə uşaqlar, nə də qadınlar məclisə buraxılmırdı. Qadın böyük hörmətə layiqdir. Bizə həyat verən qadındır. Amma qadın da çərçivədən çıxanda kobudlaşır, aləm qarışır. Mən toylarda olmuşam. O məclisin ki, ağsaqqallığını qadın edib, mütləq o toy şulux keçib.

- Sizcə son vaxtlar müğənnilərin aparıcılığa, aparıcıların isə müğənniliyə meyillənməsi nədən irəli gəlir?

- Televiziyalar da toylarımzı xatırladır. Aparıcı həm müğənnidir, həm tamadadır və sair. Belə verilişlər heç nə öyrətmir. Hamısı başlayırlar ağıl qoymağa, məsləhət verməyə. Ona görə də mən baxmıram.
Bacarıq varsa, onun əleyhinə deyiləm. Amma bu yöndə də cəmiyyətin təkəbbürlük, bəshəbəslik, bir-birinin acığına nəsə eləmək xəstəliyi üzə çıxır. Tutaq ki, kimisə qonaq çağırırlar, özləri sual verib, özləri də cavab verirlər. Bunlar belə verilişlər aparırlar. Və yaxud da sualı verirlər, sonra onun ətrafında mübahisə yaradırlar. Aparıcı sualı verir, sonra cavabdan razı olmadığını deyib, öz fikrini yeritmək istəyir. Aparıcı dinləməyi bacarmalıdır. Bu onu göstərir ki, aparıcılar da hazırlıqlı deyillər. Bundan əlavə elə cözlər deyirlər ki, qalırsan məəttəl. Bunları aradan qaldırmaq üçün aparıcılıqla bağlı məktəb açmaq lazımdır. Bizm gözəl diktorlarımız olub.

Onların təcrübəsindən istifadə etmək lazımdır. Heç olmasa onlara Azərbaycan dilində danışmağı öyrətməlidirlər. Dilləri bilmək yaxşıdır, amma sən aparıcılıq eşqinə düşmüsənsə, heç olmasa səlist danışmalısan. Çünki səndən ibrət alanlar var. Yoxsa durub baş barmağa «böyük barmaq» deyəndə sabahları bütün məhəllə də elə danışacaq.

- Bu gün «bizim dövr başqadır, sizin dövrünüz başqa idi» təsəlliverici ifadələrilə tez-tez qarşılaşırıq. Nəzərə alsaq ki, «Sarı gəlin», «Qaragilə» və bu qəbildən olan mahnılarımız bir nümunə kimi bu gün də qəbul olunur, deməli, dövr hələ də bu mahnılar və onların ifaçıları üzərində davam edir. Hələ də milli musiqidən danışanda irəliyə deyil, mütləq geriyə çevrilirik. Səbəb nədir?

- Bəli, musiqi milliliyin üzərində dayanmalıdır. Biz nə qədər milliyiksə, bir o qədər müasirik və dünya svilizasiyasına uyğunlaşa biləcəyik. Amma heç bir musiqi ancaq məhdud, qapalı şəraitdə inkişaf edə bilməz. Dünya musiqisi və onun başqa axınları var. Bunları da öyrənmək lazımdı. Heç kəs sənə demir ki, sən ingilis, yaxud Amerka musiqisini bura gətir. Amma o musiqidən də xəbərdar olmalısan ki, sənətə təkan verəsən. Sən «Qaragilə»ni, «Sarı gəlin»i öz elminin prizmasından, öz təfəkküründən keçirib oxumalısan ki, bugünkü tamaşaçı onu qəbul eləsin.

Dünya qloballaşır, qloballaşdıqca kiçikləşir. Onu da deyim ki, bizdə istedadlı müğənnilər var və onlar hər bir dildə, hər repertuarda olan mahnıları çox gözəl oxuya bilərlər.


"«Eurovision» musiqiyə dəxli olmayan musabiqədir"



- Qeyd etdiniz ki, gözəl səslər istedadlar var, onda musiqi sənətinin inkişafının qarşısını alan nədir, bəlkə mahnılar yaranmır?


- İnsanlarda belə bir fikir var ki, keçmiş yaxşı olub, gələcək lap əla olacaq. Amma bugünkü gün barədə danışmırlar. Bu millətin mərdliyini, qürurunu qoruyub saxlamaq asan deyil. Vaxt var idi rus dilini bilməyən adamlara yuxarıdan aşağı baxırdılar. İndi ingilis dilinə üstünlük verirlər. Bunların hamısı uzun müddət müstəmləkə altında yaşamağımızdan irəli gəlir.
Digər tərəfdən, eşitdiyimə görə 5-10 il bundan qabaq heç bəstəkarlq fakültəsinə sənəd verən olmayıb.

İndi insanlara elə gəlir ki, ən adi adam musiqi yaza bilər. Elə deyil. Məktəb keçməyən adam bu və ya digər formada heç bir şeyə nail ola bilməz. Yenə deyirəm, müğənnilər varsa, təbii ki, bəstəkarlar da var. Amma elə bil ki, musiqi baxımından dünyadan təcrid olunmuşuq. Dünyada gedən proseslərdən əksəriyyətin xəbəri yoxdur.

- Çox vaxt yaranmış vəziyyət gənclərin öyrənməyə marağının azalması, təhsilin zəifliyi ilə əlaqələndirilir. Hesab olunur ki, hər şeyə biznes maraqları ilə yanaşıldığı üçün vəziyyət bu həddə çatıb. Buna fikriniz nədir?

- Mənə elə gəlir ki, indi bizdə hər şey məhz «Eurovision» mahnı müsabiqəsinə düşməyə hesablanır. Bu da təzə dəbdir. Ancaq «Eurovision» musabiqəsi özlüyündə musiqiyə dəxli olmayan musabiqədir. Hə, populyarlıq baxımından səni tanıya bilərlər. O da bir-iki dənə şəklini çəkirlər və bir-iki il tanıyarlar, vəssalam. Amma orada oxuyanlar özfəaliyyət səviyyəsində oxuyarlar. Orada əksinə, elə peşəkarlar iştirak edib ki, heç birinci tura düşə bilməmişdilər. Mən ümumiyyətlə «Eurovision» müsabiqəsinə baxmıram.

- Bəs, öz mahnı müsabiqələrimiz barədə nələri söyləyə bilərsiniz?

- Bu müsabiqələrin keçirilməsinin özü zəifdir. Münsiflərin çoxu şou göstərirlər. Orda əyləşənlər özlərini musiqiçi heçab edirlər. Amma əksəriyyətinin ya musiqi savadı yoxdur, ya da çox dar çərçivədə təsəvvürləri var. Bir də, bu müsabiqələrdə Azərbaycan musiqi sənətinin inkişafı bir məqsəd kimi qoyulmur. Musiqi sənətinin inkişafına təkan verə biləcək istedadların axtarılması nəzərdə tutulmur. O müsabiqəlr təşkil olunub ki, orda televiziyaların qazanc əldə etməsi, şirkətə reklamların cəlb edilməsi məqsədi güdülür. Orda Azərbaycan musiqisinin inkişafı nəzərə alınmır.

- Sizə müsabiqələrdə iştirak etmək üçün dəvət gəlib?

- Verilişlər var ki, heç ora dəvət etsələr də getmərəm. Mənim gedə biləcəyim yerlərə də, yəqin ki, lazım bilib dəvət etmirlər. İndi o qədər mütəxəssislər yaranıb ki… Bəlkə də məni ona görə dəvət etmirlər ki, mən bir az başqa cür düşünürəm. Mənim yanaşmam yəqin ki, bunları qane etmir.

- Hər bir sənətkar ömründən danışılanda, hər şeydən əvvəl onun yaratdığı məktəbdən söz açılır. Siz necə, məktəb varada bildiniz?

- Rəsmi olaraq elə bir şey yoxdur. Amma müasir oxuyanlara fikir verin, görün onların arasında Akif İslamzadə var, ya yoxdur...

- Bəs bununla bağlı fikirləriniz nədir?

- Mənim fikirim odur ki, hər bir insan həyatında heç olmasa bir neçə şeyi mütləq eləməlidir. Ağac əkməli, ev tikməli, övlad böyütməli və gələcək üçün nə isə qoymalıdır. Mən böyük məmnuniyyətlə istədim məktəb açım. Amma alınmadı. Görünür, məktəbi açmaq üçün ya Azərbaycanda dövr yetişməyib, yaxud da Akif İslamzadənin xarici görkəmi insanları qane eləmir.

- Akif müəllim, siz indiki İqtisad Unversitetini bitirmisiniz, iqtisadçısınız. Bəlkə, öz ixtisasınıza görə hər hansı bir işlə məşğul olursunuz?

- Bir iqtisadçı kimi mən Azərbaycanda heç bir işlə məşğul olmuram. Mənim heç su köşküm də yoxdur.

- Üzr istəyirəm, bəs ailənin dolanışığı hardan gəlir?

- Nə bilim, Allahın köməkliyi ilə dolanırıq.


«Akif İslamzadə də 25 ildir səhnədə deyil, amma hardadır, necə dolanır, bu heç kəsi maraqlandırmır»


- Akif müəllim, siz Azərbaycan mədəniyyətində sözünü demiş bir sənətkar, ifaçı kimi qəbul edilirsiniz. Bir çox mətbu mənbələrində isə səsinizin tutulması Azərbaycan mədəniyyəti üçün bir faciə kimi təhlil edilir.

- İnsanlar sənətimi belə qiymətləndirirlərsə çox sağ olsunlar. Mən istəməzdim deyəcəyim sözlər bir şikayət formasında qəbul olunsun. Biz o toplumuq ki, Cəlil Məmmədquluzadə aramızda acından ölüb, o toplumuq ki, Seyid Əzimi vurub öldürmüşük. Akif İslamzadə də 25 ildir səhnədə deyil, amma haradadır, nə işlə məşğuldur, necə dolanır, heç kəsi maraqlandırmır. Yəqin ki, ölümümüzü gözləyirlər. Öləndən sonra başlayırlar tərifləməyə. Habil demişkən, «öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın lap ölməyi gəlir». Bu münasibətin səbəbləri var, kökü 200 illik müstəmləkə əsarətində yaşadığımız tarixə gedib çıxır. Elə eləmək lazımdır ki, gələcək nəsl, necə ki, indiki nəsl öz ata-babalarını günahlandırır, bizi də elə yada salıb günahlandırmasınlar.

- Kənardan sənət aləminə baxanda, hansı hissləri keçirirsiniz?

- Fikirləşirəm ki, bu enişin bir yüksəliş dövrü də gələcək. O ümidlə yaşayıram ki, bu cür
dərin kökləri olan, dərin mədəniyyəti olan, muğam musiqisi kimi böyük dəyərə malik olan millətin musiqisi yüksəkdə dayanmalı, ucuzluğa varmamaldır. Təbii ki, kənardan baxıb tənqid eləmək asandır. Amma mənim də öz çevrəm, oturub-durduğum musiqiçilər, müəyyən sənət adamları var. Şairi, bəstəkarı, müğənnini heç kəs öyrədə bilməz, amma yönəldə bilər. Çalışıram ki, mən də onların arasında da öz təbliğatımızı aparım. Onlarla görüşəndə öz təkliflərimi, fikirlərimi bildirim.

Tahirə Qafarlı
Milli.Az

23 Dekabr, 2010  04:58 Baxılıb: 3683

Bu bölmədə