Simsar.az | bizi özünüzə Simsar bilin
Taleh Orucov: “Kapoeyra döyüş növünün fəlsəfəsi islamdan bəhrələnib”

Əslində gündəlik həyatımızı idmansız təsəvvür etməməliyik. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlam olmağın ən əsas yollarından biri  və ən əsası da idmanla məşğul olmaqdır.

 

Əslində gündəlik həyatımızı idmansız təsəvvür etməməliyik. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağlam olmağın ən əsas yollarından biri  və ən əsası da idmanla məşğul olmaqdır. “Sağlamlığın rəhni” rubrikasında bu dəfə Kapoeyra döyüş növü haqqında danışmışıq. Müsahibimiz Beynəlxalq Kapoeyra Federasiyasının vitse-prezidenti, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, 5- ci dan qara kəmər sahibi, Beynəlxalq dərəcəli təlimatçı və hakim Taleh Orucovdur.

- İlk öncə Kapoeyra döyüş növü haqqında danışardınız.

- Kapoeyra döyüş növü XVİ əsrdə yaranıb, Afro - Braziliya döyüş sənətidir. Yəni Afrikalı qullar tərəfindən Braziliyada yaradılıb. Braziliyada çaşqınlıq olan bir dövrdə Anqola, Mozambik ,Qvineya, Konqodan qulları Braziliyaya gətirirdilər. Afrikalı qullar Braziliyaya özləri ilə mədəniyyətlərini də gətirirdilər. Kapoeyra məhz qullar tərəfindən yaradılmış bir idman növüdür.  Bu döyüş növü yaranır, inkişaf edir və bütün dünyaya yayılır. Hazırda Kapoeyra Braziliyanın öz milli döyüş növü hesab olunur. Bu idman növü də futbol kimi çox sevilir.  

- Bəs Kapoeyra Azərbaycanda nə vaxtdan yaranıb?

- Azərbaycanda Kapoeyra 1997-ci ildə Lənkəran şəhərində mənim tərəfimdən yaradılıb. Bakı şəhərində ilk rəsmi idman məktəbi 2000-ci ildə, 2006-cı ildə isə ilk idman klubu yaradılıb. 2007-ci ilin dekabr ayında Azərbaycan Kapoeyra Federasiyası fəaliyyət göstərməyə başlayıb. Federasiya yaranandan bu vaxta qədər 2 dəfə kəmər imtahanları, ildə bir dəfə Azərbaycan və Bakı çempionatı və 2 ildə bir kubok uğrunda yarışlar təşkil edirik. Mən özüm uzun müddət karate, boks və başqa idman növləri ilə məşqul olmuşam. Atam profesional karate ustasıdır. 1997-ci ildə Kapoeyra idman növünü gördüm və demək olar ki, bu idman növünə vuruldum. Bütün məşğul olduğum idman növünün cəmini məhz Kapoeyra döyüş növündə tapdım.

 

“Dünya Kapoeyra Federasiyasının Avropa qərargahı Almaniyadan, Asiya qərargahı isə Ermənistandan çıxarılıb, birləşdirilərək - Dünya Kapoeyra Federasiyasının Avrasiya qərargahının yaradılması, mərkəzinin isə Azərbaycanın Bakı şəhəri olması qərara alındı”

- Yəqin ki, beynəlxalq turnirlərdə iştirak edirsiniz. Azərbaycan kapoeyraçıları uğur qazanırmı?

 - 2005- ci ildə Mərkəzi Almaniyada yerləşən Beynəlxalq döyüş növləri Assosiyasında döyüş Kapoeyrası üzrə 9 nəfər imtahan verdik. İlk dərəcələrimizi məhz həmin imtahandan aldıq. Demək olar ki, 9 nəfərin hamısı müəyyən kəmərlər aldı, amma ən yüksək kəməri 5-ci dan qara kəmərə mən sahib oldum. Bu uğurumdan sonra Beynəlxalq dərəcəli təlimatçı adına layiq görüldüm. 2008-cu ildə Dünya Kapoeyra Federasiyasına üzv olmaq istəyirdik. Amma qarşımızı alan mühüm bir məsələ var idi. Biz Asiya qərərgahına aid olduğumuza görə problemlər yaranmışdır. Səbəbi isə həmin Dünya Federasiyasının Asiya qərərgahının mərkəzi məhz Ermənistanda yerləşməsi idi. Təbii ki, belə olduğu halda biz üzv ola bilmirdik. Qərara gəldik ki, Dünya Kapoeyra Federasiyasının prezidenti professor Sergio Luiz de Souza Vieira ilə görüşək. Görüşümüz alındı, söhbət əsnasında məlum oldu ki, erməni tərəfi layiqincə öz öhtəsinə düşən vəzifəni yerinə yetirmir. Layiqli bir kondinant olsa, prezident böyük məmnuniyyətlə həmin mərkəzi dəyişərdi. Bu da bizə ruh yüksəkliyi verdi. Qayıdıb öz üzərimizdə işləməyə başladıq. 2009-cu ilin iyul ayında Azərbaycanda 2-ci Beynəlxalq Kapoeyra forumu təşkil etdik. İlk forum 1999-cu ildə Braziliyada keçirilib. Azərbaycanda keçirilən 2-ci forumda 20-dən yuxarı ölkənin iştirakı 8 gün davam etdi. Nəticə etibarı ilə Beynəlxalq 2-ci Dünya Kapoeyra forumu nəzdində Beynəlxalq Kapoeyra Federasiyasının baş Assombleyası keçirildi. Assombleyada Dünya Kapoeyra Federasiyasının Avropa qərargahı Almaniyadan, Asiya qərargahı isə Ermənistandan çıxarılıb, birləşdirilərək - Dünya Kapoeyra Federasiyasının Avrasiya qərargahının yaradılması, mərkəzinin isə Azərbaycanın Bakı şəhəri olması qərara alındı. Çox şükür biz buna nail olduq. Azərbaycanın Ermənistan üzərində idman sahəsində növbəti qələbəsi oldu. Bu hadisəni Azərbaycanın böyük bir uğuru kimi tarixə yazmaq olar. Forum iyul ayında keçirildi, həmin ilin iyun ayında isə Braziliyanın Azərbaycandakı səfirliyi yarandı. Keçirilən forumda Braziliya səfiri də iştirak etdi. Hətta səfir ilk çıxışında: “Azərbaycandakı iş fəaliyyətimi Kapoeyra döyüş növü ilə başlayıram”-dedi. Bu tədbirin hesabına bizim reytinqimiz yüksəldi. 2009-cu ilin dekabr ayında İspaniyada Beynəlxalq Kapoeyra Federasiyasının növbəti Assombleyası və 12-ci sessiyası keçirildi. 12- ci sessiyada Dünya Kapoeyra Federsiyasının prezidentinin prezidentlik müddəti bitdi. Dünya Kapoeyra Federasiyasının 1-ci vitse-prezidenti olan Xavye Rubeira prezident seçildi. Azərbaycanda Kapoeyra döyüş növünün inkişafına görə məni Dünya Kapoeyra Federasiyasının vitse-prezidenti təyin etdilər. Azərbaycan kapoeyraçıları  2 dəfə dünya çempionatında iştirak edib. Bu da 2009 və 2010-cu illəri təsadüf edir. Braziliyaya məxsus olan bu idman növündə yer tutmaq elə də asan iş deyil. 2009-cu ildə ilk dəfə Elman Bayramovun qrupunda iştirak edəndə 1-ci yeri Portuqaliya, 2-ci yeri Braziliya və 3-cü yeri Azərbaycan və İspaniya tutmuşdu. Bu il Rio-de Janeyro da keçirilən Kapoeyra üzrə Dünya turnirində 14 yaşlı Fərid Səlimovun iştirak etdiyi qrupda, Braziliyaların içində Azərbaycan 2-ci yeri tutdu.

- Kapoeyra döyüş növünün insan sağlamlığına nə kimi xeyri var?

- Kapoeyra döyüş növünün fəlsəfəsi islamdan bəhrələnib. Bu döyüş növündə  maraqlı bir fakt aşkara çıxıb. Dünya Kapoeyra Federasiyasının eks-prezidenti Azərbaycanda olarkən gözəl bir faktı bizə açıqladı. Onun sözlərinə görə Afrikadan gələn qulların əksəriyyəti məhz müsəlmanlar olub. Kapoeyra döyüş növünün ustadları hamısı bunu bilir. Sadəcə olaraq həmin ustadların başqa dinə mənsub olduqlarına görə bu haqqda danışılmır. Bildiyiniz kimi Kapoeyra döyüş növünün öz musiqiləri var. Musiqinin sözlərinə indi baxdığımız zaman görürük ki, istifadə olunan kəlmələr “La ilahə illallah” və “Allah” kəlmələridir. Həmin müsəlman qullar da öz musiqilərini “La ilahə illallah” və “Allah” sözləri üzərində qurublar. Bu haqda mən heç bir mətbuat orqanına danışmamışam. İlk olaraq sizin jurnala məlumat verirəm. Kapoeyra da sözsüz ki, islam əxlaqı olduğuna görə mənəvi baxımından insana çox böyük dəstəyi var. Demək olar ki, bu döyüş növündə insana vətənpərvərlik ruhu və ədalətsizliklərə qarşı mübarizə aşılanır. Sağlamlığa müsbət təsiri var. İnsanın daima formada olmasını təmin edir və ruh yüksəkliyi verir. Ən üstün cəhəti Okrabatik və Gimnastik elementlərin olmasıdır. Bu da bədəndə olan bütün əzələləri hərəkətə gətirir.

- Bölgələrdə Kapoeyraya maraq nə dərəcədədir?

- Maraq var. Bunun ən əsas səbəbi isə qeyd etdiyim kimi bu idman növündə okrobatik və gimnastik hərəkətlərin olmasıdır. Demək olar ki, bütün bölgələrdə maraq var. Əgər hər hansısa bir bölgədə nə isə zəifləmə prossesi gedirsə, tədbirlər sayəsində bu aradan qaldırılır.

- Bu döyüş növünə hansı yaş dövründə gəlmək daha məsləhətlidir?   

- İdeal və professional idmançı olmaq üçün 6 və 10 yaşından gəlsələr daha məqsədə uyğun olar. Amma bizdə 16 yaşından gələnlər var ki, hazırda professional idmançıdırlar. Buna da səbəb Kapoeyra döyüş növündən öncə başqa idman növü ilə məşğul olmalarıdır.

- Bildiyimizə görə bu idman növünə daha çox oğlanlar maraq göstərir. Bəs qızlar?

- Dünyada demək olar ki, bu idman növünə maraq bərabər səviyyədədir. Qadınlarda Kapoeyra daha gözəl alınır. Azərbaycan qadınları arasında Kapoeyraya maraq yoxdur. Atası və yoldaşı ilə məşqlərə gələn qadın və qızlarımız 1-2 məşqdən sonra gəlmirlər. İndi fərdi oğlan və qız məşqlərimiz var. Çünki biz dünyaya çıxanda deyəndə qadın Kapoeyraçımız yoxdur, onlara qəribə gəlir.   

- İbadət və idman bir yerdə.. Xaricə səfərləriniz olur. Bu sizin ibadətinizə mane olmur?

-Qətiyyən. Getdiyimiz yerlərdə ət və ət məhsullarından istifadə etmirik.

 

Nüşabə Sadıqova

 

 

18 Dekabr, 2010  14:26 Baxılıb: 3809

Bu bölmədə