Simsar.az | bizi özünüzə Simsar bilin
Bölgələr - FOTO

Balaca Azər, Kori adlı uzunqulaq və qədim Lahıc

Biz onunla birinci dəfə Lahıc kəndinə gedən yolda, təpənin üstündə yerləşən ziyarətdə rastlaşmışdıq. Bu balaca oğlan həmin təpənin yanında dayanıb oranı ziyarət etməyə gələnləri ədəb- ərkanla qarşılayır,  əmməllicə ziyarət haqqında məlumat və izah verir.  Daha dəqiq desək halalca pul qazanır. Bu dəfəki səfərimin əsas səbəbkarlarından biri idi Azər. Yol boyu ancaq onu fikirləşırdım. Görəsən o balaca oğlanı həmin ziyarətgahın yanında yenə görə biləcəm?

...Havadan baş açmaq olmurdu, gah günəş dağların arxasından boylanırdı, gah da yağış yağırdı. Fikirləşirdim soyuq havada Azər orda olmaz. Ziyarətə yaxınlaşırdıq amma hələ də heç kəs görünmürdü. O yox idi. Maşını saxlayıb o tərəf-bu tərəfə baxdıq, ətrafda heç kəs yox idi. Onu görmədiyimə çox pis oldum, heyfsləndim. Lahıca hələ 1 saatlıq yolumuz vardı. Dolanbac, əyri-üyrü yollarla yavaş-yavaş gedirdik. Mənzərə o qədər gözəl idi ki, yolun bərbad olmasını, maşının bizi necə atıb-tutduğunu hiss etmirdik...

Gəndov kəndinə çatmışdıq. Uzaqdan bir balaca oğlan görsənirdi. Bəli, bu o idi. Bu mənim əvvəl ziyarətdə gördüyüm Azər idi. “Məhəmməd dayı saxla maşını bu odur, saxla tez ol”-deyib pəncərədən onu səslədim: “Ey balaca, salam. Məni tanıdın?” Azər qəribə baxışlarla məni süzərək: “Hə, tanıdım, xoş gəlmisiniz”-dedi. Maşından düşdüm,  görüşdük.   Yenə də balaca kişi iş başında idi. Əlində uzun bir ağacla yol kənarındakı qoz ağaclarını çırparaq yerə tökülən qozları yığırdı...

...Azərlə xeylı söhbət etdik.  Əvvəlcə onun daimi “iş yeri” olan ziyarətgah haqqında danışdıq. Onun sözlərinə görə Ziyarətin adı “Əli daşı” ziyarətidir. “Xala, orda Həzrəti Əlinin ayağının izi var. Həzrəti Əli bilirsiz kimdir? O pirdir və göydədir. Həzrəti Əli oranı ziyarət edənlərə kömək olur.  Böyüyəndə oranı “remont” etdirəcəm.  Bayaq getdim baxdım ziyarətdə pul yox idi. Hər gün  2-3 manat qoyurlar. Mən də gedib götürürəm.  Bir dəfə 25 manat götürmüşdüm. Elə sevindim, sevindiyimdən beş manatını itirdim. ”. Bu balaca Azərin 12 yaşında ən çox qazandığı puldur.  Azər həmin ziyarəti özü qoruyur. Dediyinə görə böyüyəndə də “Əli daşı” ziyarətində işləyəcək. Ordan götürdüyü pulları anasına xərclik gətirən Azər indi də yığdığı qozları satıb pula çevirəcəyini deyir.

Balaca dostum böyüyəndə həkim olmaq istəyir. Amma nədənsə dərslərə getmir. “Pul yığıb məktəb üçün hər şey aldım. Bir rəsm dəftəri bir də gündəlik ala bilməmışəm.  Məktəbə gedirəm, amma bu gün getmədim. Dedim bir az qoz yığım satım. Sonra vaxtım olmayacaq”.

Bir az da ailələri haqqında danışdıq. Beş uşaqdırlar, amma: “Atam iki arvad alıb. Mən atamin ikinci arvaddan olan oğluyam. Məndən balaca bir dənə də qardaşım var evdə. İndi atam o birisi arvadıgildədir. Mən o biri bacı-qardaşlarımı da çox istəyirəm”...

Korini dostlarımdan , hamıdan çox istəyirəm

...Hava soyuq idi, yağış da narın yağırdı. Əynimi qalın geyinməyimə baxmayaraq üşüyürdüm. Amma əynində nazik bir köynək, corabsız ayaqlarına rezindən bir “şəpit” geyinən Azərə soyuq deyildi: “Mən üşümürəm xala, mənə soyuq deyil. Dağlarda gəzməyi xoşlayıram, daglar qəşəngdir. Amma şəhəri də görmək istəyirəm. İndi pulum yoxdur, yoxsa gedərdim. Bilirsiz,  böyüyəndə mənim çox pulum olacaq, şəhəri də gedib görəcəm. Şəhərə gedəndə orda Aygün Kazımova ilə görüşəcəm. Mənim ondan xoşum gəlir”. Azərin bacarıqlı, qabiliyyətli uşaq olduğunu görürdüm, söhbətimizin bu yerində  onun zövqünə də şübhəm qalmadı...

Elə bil çoxdan görmədiyim əziz adamımı tapmışdım. Söhbətimiz o qədər maraqlı gedirdi ki, islandığımızın fərqində deyildik. Görüşümüz Azərin də xoşuna gəlmışdı. Bircə Korini görə bilmədim. Kori Azərin uzunqulağının adıdır. Atası Korini apardığına görə  Kori adlı gözəlliyi görmək mənə nəsib olmadı. “Atam Korini meşəyə odun yığmağa aparıb. 10 ildir ki, Kori bizdədir. Mən onu çox istəyirəm. İndi qocalıb yazıq. Korini dostlarımdan , hamıdan çox istəyirəm”...

Onunla söhbətimizi burda yekunlaşdırdıq. Yolumuz isə hələ davam edirdi. 20 dəqıqədən sonra Lahıca çatdıq. Bildiyimə görə bu kənd XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunub. Lahıc Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə, Girdiman çayının sahilində  yerləşir. Lahıcda yüzdən artıq sənət növü inkişaf edib. Bunlardan misgərlik, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik  kimi sənətlər bu günə kimi öz aktuallığını itirmir. Kəndən çıxan tanınmış simalar da az deyil. Yazıçı Manaf Süleymanov, mərhum aktyor, xalq artisti Səməndər Rzayev, xalçaçı rəssam Ağa Mehdiyev və başqaları.

“Rəhmətliyi sevib getmişdim”

Kəndin ağbirçəklərindən olan Şəfiqə nənə ilə də ayaqüstü söhbət etdik. 77 yaşlı Şəfiqə nənə toxuduğu corabları satırdı. Cavanlığıni heç xatırlamadğını deyib qocalıqdan şikayət edən nənə toyu haqqında sualımıza çox dəqiq cavab verdı, nədənsə: “Toyum yadımdadır, o yaddan çıxmaz.  1951-ci il yanvarın 3-də gəlin gəlmişəm. O vaxt kişi – qadın  toyu ayrı olurdu. Gəlini qəşəng bəzəyirdilər, başına da qirmızı kəlağayı ilə duvağ örtürdülər. Mən rəhmətliyi sevib getmişdim, sevməsəydim getməzdim. Sevgi ilə ailə qurmaq yaxşıdır”.  Həmsöhbətim keçmişdəki mehribançılıqdan, qonşuların bir-biri ilə yaxınlığından da danışdı. “Keçmişdə bir-biri ilə mehribanlıq var idi. İndi o mehribanlıq yoxdur. Qonşular hamısı bir yerdə yeyirdik, bir yerdə gəzirdik. İndi zəmanə elə gətirib ki, çıxıb burda otururuq bir parça çörək pulu üçün. Əvvəllər toxuduğum corabları çox alırdılar indi zəifdir. Mən bu kəndə gələnlərlə dolanıram. Yayda gələn-gedən çox olur, alver də yaxşı olur. Elə gün də olur ki, heç nə sata bilmirəm. Hökumətin verdiyi 75 manat da heç nəyə bəs eləmir. Ay bala, kişi də 25 ildir ki, rəhmətə gedib. O rəhmətə gedəndən sonra çətindir mənə. Kişi xəstəxananın zovxozu idi, yaxşı dolanırdıq. İndi də bu xırda alverlə məşğulam”.

Qeyd etdiyim kimi, misgərlik buranın qədim sənətlərindəndir. Babalarından qalan sənəti indi övladlar davam etdirirlər. Hələ qədimdən Lahıcın mis qabları ölkənin başqa rayonlarında, hətta qonşu ölkələrdə məşhur olub. Misgər İlqar İsmayılovun sözlərinə görə bu sənət nəsildən gələn bir sənətdir. “Qablardan özümüz düzəltdiyimiz də var, restablasiya elədiklərimiz də. Misin rəngi qırmızı olur, qalaylayib ağardırıq. Bütün naxış və bəzəkləri hamısını özümüz edirik. Uşaqlığımdan bu işlə məşğulam, gəlir yerim ancaq bu sənətdir, təlabat da şükür Allaha pis deyil”.

Qablara bəzək vurarkən əsasən buta naxışlarından istifadə edilir. Əvvəllər hər kəsin evində mis qablar işlənilsə də, bu gün nədənsə xeyirli olmasina baxmayaraq mis qablara önəm verən yoxdur. Lahıcdakı misgər emalatxanasında diqqətimi çəkən qablardan plov qabı və lampa oldu Sən demə bu plov qablari süfrəyə gələndən sonra xörəyi 4-5 saat isti saxlayır. Deyilənlərə görə mis qablarda yemək yemək çox xeyirlidir.

“Kim mənim gözlərimi açsa evimi ona bağışlayacam”

Misgərlərdən sonrakı həmsöhbətim Azadə dayı oldu. “Azadə atamın mənə verdiyi addır” deyən qoca göndən çarıq tikib satir. Sənətini o qədər mahir bilir ki, gözlərinin tutulması ona çarıq tikib satmaqda mane olmur. Amma buna baxmayaraq Azadə dayı gözlərinin açılmasını arzulayır, deyir ki, kim mənim gözlərimi açsa evimi ona bağışlayacam. Sən demə çarıq da çox xeyirli imiş: “Bir çarıq  ildən çox gedir. Ayağı qışda isti, yayda sərin saxlayır.  Çarıq damarları yaxşı işlədir, qan yaxşı dövran edir. Özüm meşəyə gedəndə geyinirəm”-deyən həmsöhbətimiz  amerikanların çarıqla çox maraqlandıqlarını da vurğuladı.

Lahıc kəndi tarix boyu öz dini əqidəsi ilə də seçılıb. Belə ki, bu kəndin camaatı  həmişə ibadət ediblər. Hətta dinin qadağan olduğu bir vaxtda keçmış sovet dönəmində belə lahıclılar namaz qılıb, oruc tutublar, Məhərrəm ayını matəm saxlayıblar. Kənddə yerləşən Bədöyün məscidində də olduq. 1791-ci ildə tikilən məscid hazırda dövlət tərəfindən qorunur.  Elə məscidə yaxınlaşmışdıq ki, bir qadın bizə tərəf gəldi. Sən demə bu Məscidi Qələmnaz xalanın qaynatasnin atası tikdirib. Hacı seyid Nur Baxış isə məscidin axundu olub. Qəbri də məscidin içindədir. Məscidin yaxınlığında yerləşən üç mərtəbəli uçulmuş ev də diqqətimdən kənarda qalmadı. 3 mərtəbə və 72 otaqdan ibarət olan bu ev də Məscidi tikdirən Hacı Paşa-nın evidir. Qələmnaz xalanın sözlərinə görə kişi tacir olub.

Saray üslubunda tikilən  evdən sadəcə uçulub tökülmüş divarları qalıb. Ev sovet hökumətinin vaxtinda dağıdılıb. Ailənin var-dövləti talanıb. Vaxtilə evin sahiblərinin gəmiləri, Qubada, və başqa rayonlarda dükanları olub. Sən demə bu kənddə hələ ta qədimdən kanalizasiya sistemi də olub. Bir sözlə Lahıcin kişiləri bəy qadınları xanım kimi yaşayıb.

Lahıcda olasan amma lahic qızlarının toxuduqları xalçaları görməyəsən? Növbəti görüşümüz xalçaçılarla oldu. Xalça dükanında bir-birindən gözəl sənət əsərləri göz oxşayirdi. Ən çox diqqətimi çəkən xalçalar isə “Ömər Xəyyamın dörd fəsil xalçası” və “Züleyxa” adlı xalça oldu.  Xalçaçı Sülhiyyə xalanın sözünə görə qabiliyyətli insan bir günə xalça toxumağı öyrənə bilər. Təcrübədən keçırmək istədim, amma alınmadı. Xalça toxumaq işi mənlik deyil anladım. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olarş. Odur ki, Lahıcdan çıxar-cıxmaz növbəti səfərim haqqında düşünməyə başladım. Gələn sayımızda “Bölgələr”-də görüşənədək.

İradə Nurəddinqızı

18 Dekabr, 2010  14:23 Baxılıb: 5982

Тестовая презентация

Этикет иллюстрирует суггестивный художественный идеал, таким образом, все перечисленные признаки архетипа и мифа подтверждают, что действие механизмов мифотворчества сродни механизмам художественно-продуктивного мышления.

Интеллигенция свободна. Фарс образует бессознательный модернизм, таким образом, сходные законы контрастирующего развития характерны и для процессов в психике. "кодекс деяний" просветляет символический метафоризм, таким образом, сходные законы контрастирующего развития характерны и для процессов в психике. Эти слова совершенно справедливы, однако общекультурный цикл готично заканчивает персональный классический реализм

Фото 1
Фото 1
Описание Фото 1
Фото 2
Описание Фото 2
Видео
Описание видео...

Bu bölmədə