Simsar.az | bizi özünüzə Simsar bilin
Böyük Qafqaz sıra dağlarının Azərbaycan hissəsində irimiqyaslı yanğın başlayıb

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Azərbaycanın şimal-qərb hissəsindəki ərazidə yanğın başlayıb.

Şəki rayon sakinləri APA-ya bildiriblər ki, ötən gündən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Şəki rayonu Baş Kəldək kəndi ərazisindən keçən hissəsində yanğın qeydə alınıb.

Yanğını bu günə kimi söndürmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Şəki Yanğından Mühafizə Hissəsindən xəbəri təsdiqləyiblər. Hadisə yerinə dərhal FHN DYMX-nin Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın 5 hektara yaxın ərazini əhatə edir. Yanğın baş verən ərazi yaşayış məntəqəsindən yüksəkdə yerləşdiyi üçün yanğının söndürülməsində problemlər mövcuddur. Bu gün səhərdən Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Şəki rayonunun Baş Zəyzid kəndi ərazisindən keçən hissəsində də yanğın başlayıb. Hazırda FHN-in texnikası və canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində işlər aparır.

18 Dekabr, 2010  12:18 Baxılıb: 2554
Teqlər :

Bu bölmədə