Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan-Ermənistan: savaşa kim hazırdır?

Hərbi-iqtisadi imkanların müqayisəli analizi


Milli.Az xəbər verir ki, Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından artıq Azərbaycan tərəfindən başqa variantların nəzərdən keçirilməsi Yerevanda Bakının səbrinin daşacağını və torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr yaranıb. Özünü itirmiş Ermənistan rəhbərlıyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır. 

Azərbaycanın artıq güclü peşəkar ordusunun formalaşdığını və bu ordunun istənilən müharibəni aparmağa qadir olduğunu beynəlxalq araşdırma mərkəzlərinin ekspertləri də qeyd edirlər. Bəs Ermənistan ordusu hansı durumdadır? Ümumiyyətlə, Ermənistan savaşa hazırdırmı? İşğalçı ölkənin iqtisadi-maliyyə imkanları, maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa kifayət edirmi? Münaqişə tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları və müharibə potensialı ekstremanl duruma nə dərəcədə cavab verir? Bu məsələlərə yazımızda aydınlıq gətirməyə çalışacağıq.

Müharibədə baş qəhrəman: İqtisadi potensial

Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı olan Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Azıərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət sonucu işğalçı ölkə bir növ blokada durumuna düşərək bütün regional və beynəlxalq enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanın durumunu daha da ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır.
Hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hazırkı şəraitdə hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Ermənistanın cari dövlət büdcəsi 3 mlrd dollara yaxındır. Hərbi xərclər (450 mln$) Ermənistanın 2010-cu il üçün dövlət büdcəsində xərclərin 15 %-ni, UDM-in isə 3,6%-ni təşkil edir.
2010-cu ildə Azərbaycanın dövlət büdcəsi 15 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər iki sahədə Azərbaycanın xeyrinə beşqat fərq var.

Müharibəyə nə qədər pul qoyulmalıdır?

Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb. Ölkədə hərəsində bir neçə milyard dollar vəsait olan digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə Azərbaycanın enerji və digər qlobal layihələrdən əldə edəcəyi gəlirlər yüz milyardlarla ölçülür.
Ermənistanda isə, onsuz da çox zəif olan maliyyə imkanları getdikcə daha da azalır. Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin rekord səviyyədə- azı 15% düşdüyü artıq faktdır. Dünya maliyyə qurumları ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 8%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Müharibə cəmi 1 ay davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər. Hərçənd Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 ay qədər uzun müddətə uzanmamasına kifayət edir.

Azərbaycanda və Ermənistanda canlı qüvvə: kim daha canlıdır?

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir.
Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı bölgələrin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

Faktdır ki, İrəvan Qarabağa canlı qüvvə göndərməkdə çətinlik çəkir. “Ermənistan Əsgər Anaları Cəmiyyəti”nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə “dedovşina”, xəstəliklər, narkomanlıq, homoseksualizm baş alıb gedir.

Qarabağda nə qədər erməni əsgəri var?

Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır. Son aylarda erməni ordusunda yaşanan rüsvayçı olaylar durumu anlamağa yetəcək qədərdir.
Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib.

Ermənistanla müqayisədə Azərbaycan Silahlı Qüvvələri isə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə də Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyondan çoxdur. Çağırış planı demək olar ki 100 % yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları xeyli yüksəkdir.

Ordularda mənəvi-psixoloji durum: ağciyər "zəriflər" və "Beyrək"lər

Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji durumunun getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmənimizin ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Bu ilin 11 ayında Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olub ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölüb.
Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir. Aparılan yoxlamalar zamanı hərbçilərin kütləvi şəkildə homoseksualizm bəlasına duçar olduğu aşkarlanıb.

Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrı-seçkilik və “dedovşina” hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.
Hətta, Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır. Bu səbəblərdən erməni ordusunda fərarilik halları kəskin artıb.

Ermənistan Silahlı Qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə, Ermənistan ordusu dağılacaq.
Ağciyər, homoseksual düşmənlərimizdən fərqli olaraq, Azərbaycan Ordusunda isə mənəvi-psixoloji durum və döyüş əzmi ən yüksək səviyyədədir. Bu yaxınlarda Mübariz İbrahimov kimi bir gizirin onlarla erməni hərbçisini məhv etməsi hansı əsgərin hansı səviyyədə olduğunu göstərdi. Bu ermənilərə kiçik bir xəbərdarlıq idi - savaş başlayanda nələrin baş vercəyi haqda xəbərdarlıq.
Ali Baş Komandanımızın da dediyi kimi, Mübariz, Fərid kimi igidlər Ordumuzda yüzlərlə, minlərlədir.

Silah-sursat və texnika: kimin nəyi var?

Britaniya və Rusiya hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, Ermənistan Silahlı Qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 «Qrad» və Ural maşınlarının bazasında 9A51 «Prima» reaktiv yaylım atəş sisteminə, «Akatsiya» 2S3, «Qvozdika» 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir. Bu texnikaların əksəriyyəti yararsız durumdadır.

Ermənistan Hərbi Hava Qüvvələri Cənubi Qafqaz regionunda ən zəif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. Belə zəif və köhnə aviaparkla hava döyüşləri aparmaq mümkün deyil.

Azərbaycan Ordusunun ixtiyarında isə, daha modern hərbi texnika, döyüş uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna görə açıqlanmayan məqamlara baxmayaraq, tam qətiyyətlə deyə bilərik ki, ordumuzun maddi-texniki bazası say və keyfiyyət etibarı ilə Ermənistanınkından xeyli yüksəkdir. Həm də texniki arsenal ən modern texnologiyaya dayanır.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan əsgərləri bütün hərbi təlimlərdə və xidmət dövründə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirirlər. MN rəsmisi deyir ki, ordumuzun sərəncamında istənilən şəraitdə döyüşlər aparmağa imkan verən modern texnika var. E.Sabiroğlu bildirir ki, indi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir.

NATO standartlarına uyğunlaşan, ən müasir kompüter sistemləri ilə təchiz olunan, sərəncamında ən keyfiyyətli silah və texnikanın, peşəkar hərbçilərin olduğu Azərbaycan ordusunun arxasında qüdrəli arxa cəbhə dayanır. Belə bir durumda müharibənin necə sonuclanacağı öncədən aydındır.

Müharibə hələ bitməyib - sabah başlayarsa ...

Bütün sahələrdə zəif duruma düşən terrorçu dövlət isə sonun başlanğıcında olduğunu anlayır. Forpostun inzibati mərkəzindən səslənən rəsmi bəyanatlar və açıqlamalar göstərir ki, artıq Azərbaycanın səbrinin tükəndiyini bütün ermənilər anlamış durumdadırlar və özlərini heç də yaxşı gələcək gözləmədiyini başa düşüblər. Azərbaycan Prezidenti İlham Əliyevin “Müharibə hələ bitməyib, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edəcəyik” bəyanatı Ermənistan üçün soyuq duş olub.
Bunu təkcə ermənilər yox, başqaları da anlamağa başlayıblar. “Azərbaycanda səslənən müharibə bəyanatları daxilə hesablanmayıb”. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı keçmiş həmsədri Vladimir Kazimirov bir qədər öncə erməni mətbuatına müsahibəsində bildirib. “Bu bəyanatlara ciddi yanaşmaq lazımdır” - deyə o, xəbərdarlıq edib.

İşğalçı ölkədə müharibə narahatlıqları son həddə çatıb. Ermənistan prezidenti, Təhlükəsizlik Şurasının rəhbəri Serj Sarkisyan Dekabrın 12-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İclasda ölkənin hərbi durumu və böhrandan çıxış yolları müzakirə olunub. Göründüyü kimi, terrorçu dövlətin cinayətkar rəhbərliyi təlaşa düşüblər və savaş başladığı zaman onların nəyin gözlədiyini anlayırlar.

Azərbaycan hazırdır!

…Beləliklə, kiçik müqayisəli analizdən ortaya çıxan nəticə budur - Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyil. Həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə bu müqayisə yersizdir. Çünki, bu iki ölkə artıq bütün sahələr üzrə antipod hesab olunur.
O ki qaldı sülh danışıqları nəticə verməyəcəyi halda Azərbaycan Ordusunun öz ərazilərində anti-terror əməliyyatları aparmaq imkanına, qəti olaraq demək mümkündür ki, möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli Orduya, əhalisinin yüksək mənəvi-psixoloji duruma mailk olan Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Əgər ermənilər torpaqlarımızı sülh yolu ilə işğaldan azad etməsə, o zaman Azərbaycan əsgəri bunu əyani nümayiş etdirəcək.

18 Dekabr, 2010  11:34 Baxılıb: 2681
Teqlər :

Bu bölmədə