Simsar.az | bizi özünüzə Simsar bilin
İRANDA SEVGİ FACİƏSİ

Bütün Avropa onlardan danışır

İranda həbsxanaya atılıb zorlandığı və buna görə də intihara əl atdığı iddia edilən gəncin sevgilisi də öz həyatına qəsd edib. Britaniyanın “Daily Mail” qəzeti İranın bloq məkanında müasir Romeo və Cülyetta faciəsi kimi tanıdılan iki gəncin sevgi dramını bu cür təsvir edir:

“28 yaşlı Nahal Sahabi və onun 22 yaşlı oğlan sevgilisi Behnam Ganji həbsxanadan buraxılandan dörd həftəsonra intihar edib.

Bu yay Behnam Ganji tutularaq səkkiz gün, onun sevgilisi Nahal Sahabi isə 3 gün Tehranın məşhur Evin həbsxanasında saxlanıb. Azad ediləndən az sonra isə onların ikisi də intihar ediblər. ”

Tehran Universitetinin tələbəsi olan Ganji tutulana qədər dostu, insan haqları fəalı 26 yaşlı Koohyar Goudarzi ilə eyni otaqda yaşayırmış.

Bu il iyulun 31-də onların yaşadıqları ünvana gələn təhlükəsizlik qüvvələri Goudarzi ilə yanaşı, heç bir siyasi və ictimai fəallığı olmayan Ganjini də onunla birlikdə həbs edib Evin həbsxanasına göndəriblər. Bunun ardınca Ganjinin sevgilisi Nahal Sahabi və Goudarzinin anası da həbs olunub.

Ganjinin Amir adlı dostu “The Times”a bildirib ki, həbsxanadan çıxandan sonra dostu tanınmaz hala düşüb. Heç kimlə danışmır, telefon zənglərinə cavab vermirmiş. Onun dediyinə görə həbsxanada Ganjini döyüb işgəncə verməklə ondan otaq yoldaşı Goudarzinin guya hansısa cinayətkar təşkilata üzv olması barədə ifadə alıblar.

Amir əmindir ki, bu ifadəni almaq üçün onun dostunu döyüb, zorlayıblar.

Onların başqa bir dostları olan Farya Barlas da qəzetə bildirib ki, Ganji ilə Goudarzini bir-birinin gözləri qarşısında gözətçilər həbsxanda zorlayıblar.

Həbxsanadan buraxılandan az sonra – bu il sentyabrın 1-də Ganji yaşadığı evdə həddən artıq dərman içərək həyatına qəsd edib. Goudarzinin isə harda olduğu mlum deyil. Vəkili bildirir ki, həbs ediləndən bu yana onunla əlaqə saxlamaq mümkün olmayıb. Evin həbsxanasından Goudarzinin hələ də onlarda olması barədə məlumatları inkar edir, onun harda olduğunu bilmədiklərini deyirlər.

Uşaq bağçasında müəllimə olan Sahabi isə həbsxanada zorlanma təhdidlərinə baxmayaraq, azadlığa çıxanda sevgilisi qədər depressiyada deyilmiş. Amma Ganjinin intiharı onu da sarsıdıb.

Sevgilisinin ölümündən sonra Sahabi öz bloqunda yazırdı: “Ey, Behnam, sənə lənət olsun, sənsiz indi mən nə edim? Bəlkdə də başa düşsəydin ki, kimsə səni çox sevir, ölümdən dönərdin.”

Keçən həftənin cümə axşamı günü – sentyabrın 29-da ailəsi Nahal Sahabini də Tehranda öz otağında intihar etmiş tapıb.

3 Oktyabr, 2011  18:09 Baxılıb: 3874

Bu bölmədə