Simsar.az | bizi özünüzə Simsar bilin
Makedoniya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək

Makedoniya Parlamentində parlamentlərarası dostluq qrupu yaradılacaq

Sentyabrın 28-də Azərbaycanın Türkiyə və Makedoniya respublikalarındakı səfiri Faiq Bağırov etimadnamələrini Makedoniya prezidenti Gjorge İvanova təqdim etmək məqsədilə bu ölkəyə səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Faiq Bağırov səfər çərçivəsində Makedoniya Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi Kənan Ramadani ilə görüş keçirib.



Görüşdə etimadnamə təqdimatına dair ümumi protokol məsələləri, Makedoniyada akkreditə olunmuş diplomatik nümayəndələrin sayı və digər mühüm məsələlər müzakirə olunub. Etimadnamələrin surətlərini təqdim etmək üçün isə Makedoniya xarici işlər nazirinin müavini Zoran Petrov ilə görüş keçirilib. Görüşdə nazirliyin Orta Şərq, Afrika, Avropa-Asiya Ölkələri ilə İkitərəfli Əlaqələr İdarəsinin müşaviri Muarem Mexhiti, bölmənin rəis müavini Vukica Krtolica Popovska iştirak ediblər. Görüşdə hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, mədəniyyət sahəsində mübadilə, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair məsələlər müzakirə olunub. Faiq Bağırov Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Zoran Petrov Azərbaycanın bu məsələdə Makedoniya tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində hər zaman dəstəklənəcəyini dilə gətirib.



Faiq Bağırov Makedoniya Xarici İşlər Nazirliyinin Orta Şərq, Afrika, Avropa-Asiya Ölkələri ilə İkitərəfli Əlaqələr İdarəsinin rəisi Jordan Panev ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələr, hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, Azərbaycan mədəniyyət günlərinin Makedoniyada keçirilməsi və digər məsələlər müzakirə olunub.


Etimadnamələrin təqdim etmə mərasimi sentyabrın 28-də Makedoniya prezidentinin iqamətgahında təntənəli şəkildə keçirilib. Faiq Bağırov Makedoniya Respublikasının Prezidenti Gjorge İvanovun hüzurunda nitq ilə çıxış edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Səfir çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub, Makedoniyanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycan ilə Makedoniya arasında mövcud olan dostluq münasibətlərinin daha da gücləndirilməsinə, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüsün göstəriləcəyini söyləyib. Makedoniya prezidenti etimadnamələri qəbul edib. Prezident Gjorge İvanov Azərbaycan və Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına xidmət etməsini arzulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarının çatdırılmasını istəyib.

Etimadnamələrin təqdimatından sonra Gjorge İvanov Faiq Bağırov arasında təkbətək söhbət olub. Söhbət zamanı Makedoniya prezidenti Azərbaycan prezidenti ilə İstanbuldakı son görüşünü gözəl xatırladığını dilə gətirib. Gjorge İvanov qeyd edib ki, ölkəsinə xarici sərmayələrinin cəlb edilməsi və bu sərmayələrin qorunması üçün hüquqi bazanın təkmilləşdirilməsi bizə böyük imkanlar yaradacaq. Faiq Bağırov isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyət haqqında Makedoniya prezidentinə ətraflı məlumat verib. Makedoniya prezidenti Azərbaycanı bu məsələdə beynəlxalq təşkilatlar çərçivəsində ölkəsi tərəfindən dəstəkləyəcəyini bir daha vurğulayıb.


Həmin gün Makedoniya Respublikası Assambleyasının (Parlamentin) prezidenti Trajko Veljanoski Faiq Bağırovu qəbul edib. Faiq Bağırov Assambleya prezidentini bu il iyunun 5-də keçirilən parlament seçkiləri və Makedoniyanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik edib. Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi məsələsi də müzakirə olunub. Trajko Veljanoski Makedoniya Parlamentində parlamentlərarası dostluq qrupunun yaradılmasına yaxın zamanda təşkil olunacağını bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll olunacağına ümidini dilə gətirib.

3 Oktyabr, 2011  16:10 Baxılıb: 992

Bu bölmədə