Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılı son sözünü dedi

Arif Hacılı son sözünü dedi

Bu gün Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, günün birinci yarısında keçirilən prosesdə Arif Hacılı son söz deyib. Arif Hacılı ittiham aktı ilə razılaşmadığını, İctimai Palatanın aksiyası ilə bağlı saxlanılan 6 nəfər barəsində ədalətsiz hökm çıxarıldığını deyib. Təqsirləndirilən şəxs sözügedən aksiya ilə bağlı saxlanılan şəxslərdən heç birinin cinayət törətmədiyini bildirib. A. Hacılı məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını xahiş edib.
Daha sonra son söz deyən Fuad Qəhrəmanlı da ittiham aktı ilə razılaşmadığını vurğulayıb, məhkəmənin bəraət hökmü çıxarmasını istəyib. Zamində olduğunu xatırladan F. Qəhrəmanlı deyib ki, məhkəmə digər təqsirləndirilənləri azadlıqdan məhrum etsə, ona da eyni cəzanı versin.

Daha sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra digər təqsirləndirilənlər - Tural Abbaslı və Məhəmməd Məcidli son söz deyəcək.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin hər birinin 3 il, Fuad Qəhrəmanlının isə 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.
Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar qəbul edib.

30 Sentyabr, 2011  18:36 Baxılıb: 1197

Bu bölmədə