Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan alimləri Hindistanda

Onlar mötəbər tədbirə qatılıb

Hindistanın Kanyakumari şəhərində “Yer dinamikası – nailiyyətlər və uğursuzluqlar” adlı beynəlxalq konfrans keçirilib.

AMEA-nın Geologiya İnstitutunun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri Hətəm Quliyev və Ədalət Həsənov təmsil edib. Konfransın təşkilat komitəsinin üzvü olan H.Quliyev deyib ki, tədbirdə 9 ölkə, o cümlədən ABŞ, İtaliya, Rusiya, Norveç, Kolumbiya, İran və Avstraliya nümayəndələri də qatılıblar. Yerin daxili dinamikası, bu mənada Yer qabığında baş verən təbii fəlakət və geoloji təhlükələr, həmçinin Yerin təkamülündə tektonik proseslərə Günəş sisteminin təsiri ilə bağlı məsələləri müzakirə olunub.

H.Quliyevin AMEA-nın Geologiya İnstitutunun mövzu üzrə tədqiqatlarına dair iki məruzəsi dinlənilib. Azərbaycan alimləri hindistanlı həmkarları ilə görüşüb, Yer elmləri sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Beynəlxalq konfransın Kanyakumaridə keçirilməsi xüsusi önəm daşıyıb. Belə ki, burada Kembri geoloji dövründən əvvələ aid olan, yəni 2,5-2,8 milyard il yaşlı süxurlardan ibarət nadir geoloji kəsilişlər mövcuddur.

30 Sentyabr, 2011  16:27 Baxılıb: 991

Bu bölmədə