Simsar.az | bizi özünüzə Simsar bilin
Ramil Usubov: "3,5 il ərzində 798 polis əməkdaşı cəzalandırılıb"

"DİN rəhbərliyi qanunçuluğa, insan hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edir"

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ATƏT-in Bakı Ofisinin yeni təyin olunmuş rəhbəri Koray Torqayı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, R.Usubov ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirərək qeyd edib ki, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə DİN-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb. Bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib. Ramil Usubov qeyd edib ki, əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiq olunması istiqamətində işlər davam etdirilir.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla, hazırlanmış zəruri normativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışıb.

Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan nazir DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini, vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə təkcə son 3,5 il ərzində 798 əməkdaşın cəzalandırıldığını diqqətə çatdırıb.

Öz növbəsində Koray Torqay səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirib, ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, uğurlu əməkdaşlığın gündən-günə inkişaf etdiyini, təmsil etdiyi qurumun polis fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu və bu prosesə bundan sonra da yardımçı olacağını vurğulayıb.

30 Sentyabr, 2011  02:21 Baxılıb: 860

Bu bölmədə