Simsar.az | bizi özünüzə Simsar bilin
SƏTTAR MEHBALIYEV YENƏ XARİCİ ŞİRKƏTLƏRİ HƏDƏF GÖTÜRDÜ

 “Biz istəyirik ki, transmilli şirkətlərdə çalışan azərbaycanlıların əmək və sosial hüquqları qorunsun"

“Tranmilli şirkətlərdə bəzən iş prosesində işçilərin üzləşdikləri bədbəxt hadisələr gizlədilir. Bu zaman onların ailələrinə pul verilir. Bir ildən sonra isə həmin insan əlil olur və problemlər başlayır. Bu haqda əlində heç bir akt, sənəd olmayan insan əlilliyini və bu xəsarəti iş prosesində aldığını sübut edə bilmir”. “APA-ECONOMICS”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

O bildirib ki, insanlar öz hüquqlarını bilməli və işəgötürəndən özlərini sığorta etdirməyi tələb etməlidirlər. Amma transmilli şirkətlər azərbaycanlı işçilərin həmkarlar ittifaqları yaratmaq istəklərinə mane olurlar: “Biz istəyirik ki, transmilli şirkətlərdə çalışan azərbaycanlıların əmək və sosial hüquqları qorunsun. Onlara əlavə iş saatı üçün əmək haqqı ödənilsin. Qanunvericiliyə görə, körpə uşaqlı analara uşağı ilə məşğul olmaq üçün 2-3 saatdan bir vaxt verilməli, lazım gəldikdə bir saat öncə işdən buraxılmalıdırlar. Transmilli şirkətlər Azərbaycanın əmək qanunvericiliyinə əməl etməli, işəgötürənlərlə işçilər arasında kollektiv müqavilələr bağlanılmalı və hətta işçilərə övladlarının təhsili, xəstələrinin müalicəsi üçün də şərait yaradılmalıdır”.

S.Mehbalıyev deyib ki, hazırda Azərbaycanda 4600 transmilli şirkət fəaliyyət göstərir və onların yalnız 65-də həmkarlar ittifaqları yaradılıb. Transmilli neft şirkətlərində də bir sıra problemlərin olduğunu deyən konfederasiya sədri bildirib ki, bu şirkətlər böyük gəlir əldə edirlər: “Həmin gəlirlərin bölüşdürülməsində azərbaycanlı işçilərin də iştirakı təmin edilməlidir”.

Xatırladaq ki, AHİK bu problemə dəfələrlə diqqət çəkib, hətta Konfedrasiya bəzi xarici şirkətlərlə məhkəmə çəkişməsindədir

29 Sentyabr, 2011  20:16 Baxılıb: 1153

Bu bölmədə