Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan keyfiyyətli benzin istehsal edəcək

Neft-Kimyası Kompleksi yaradılır

“Sovet dövründə inşa edilmiş emal zavodlarımızda istismar olunan qurğuların böyük hissəsinin fiziki və mənəvi cəhətdən köhnəldiyi nəzərə alınaraq, şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması hökumət tərəfindən ARDNŞ-ə həvalə edilib və hazırda “Technip”, “Foster Wheeler” və “UOP” kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır”.


Lent.az-ın verdiyi məlumata görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında söyləyib. Rövnəq Abdullayev bildirib ki, kompleks inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinlərin istehsalına başlanılacaq. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi həm də Bakının ekoloji durumunun yaxşılaşması, emal dərinliyinin və alınan məhsulların çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq.


ARDNŞ prezidenti qeyd edib ki, Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir. Cari ilin əvvəlindən zavodda 2 min 623,4 milyon kubmetr qaz emal edilərək 2 min 592,8 milyon kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunub. Zavodun modernləşdirilməsi, illik gücünün 8 milyard kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır.

Rövnəq Abdullayev deyib ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən azot gübrəsi – karbomid istehsalı zavodunun tikintisi də ARDNŞ-ə həvalə olunub: “Qısa müddətdə bununla əlaqədar böyük həə iş görülmüş, beynəlxalq tender elan edilmişdir. Yaxın müddətdə zavodun inşasına başlanılacaq”.

29 Sentyabr, 2011  18:58 Baxılıb: 1055

Bu bölmədə