Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Həsənov Azərbaycanın nədən əziyyət çəkdiyini dedi

"Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir"

Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çox etnik və dini separatizmə məruz qalan ölkələrdəndir. Bunun ən bariz nümunələrindən biri Ermənistanın Azərbaycana qarşı etnik separatizminin bu gün də davam etməsidir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Erməni təcavüzü nəticəsində minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb və soydaşlarımız işgəncələrə məruz qalıblar. Ermənistanın bu təcavüzkarlığı nəticəsində erməni xalqının özü də dünyanın qlobal inkişafından geridə qalır", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda dünyada ən zəngin etnik və dini tolerantlıq mövcuddur.

"Azərbaycanda yaşayan hər bir xalqın dini, mədəniyyəti, etnik məsuliyyəti Azərbaycanın zənginliyidir, varlığıdır. Bu dinlərin yaşadılması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm
istiqamətlərdən biridir", - PA rəsmisi deyib.

Tədbirdə Rusiyanın və Azərbaycanın din xadimləri iştirak edirlər.

29 Sentyabr, 2011  16:14 Baxılıb: 821

Bu bölmədə