Simsar.az | bizi özünüzə Simsar bilin
Nemət Pənahlı nəzarətçiləri döyür?

Mədət Quliyev azadlıq hərəkatı liderinin həbsdə dava-dalaş saldığını bildirib

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəisi Mədət Quliyev milli azadlıq hərəkatı lideri, hazırda məhbəs həyatı yaşayan Nemət Pənahlının çəzaçəkmə müəssisəsində nəzarətçilərlə kobud davrandığını, onları döydüyünü bildirib.

Simsar.az saytı “Bizim yol” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı N.Pənahlının həyat yoldaşı Həcər Pənahlıya Mədət Quliyev verib.

“Neçə vaxtdır ki, Nemət Pənahlı ilə görüşə icazə vermirlər. Hazırda Apellyasiya Məhkəməsinin qərarından şikayət vermişik. Tələb edirdik ki, şahidlər, zərərçəkənlər bir də məhkəməyə dəvət edilsin” deyən H.Pənahlı bildirib ki, Nemət Pənahlı təkadamlıq kamerada saxlanılır: “Əvvəl kamerada bir məhbus var idi.

Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov Nemətlə düşmənçilik edəndən sonra onun yanına məhbus salmışdılar. Həmin məhbus da ülgüclə Nemətə xəsarət yetirmək istəmişdi. Biz bunu bildikdən sonra həyəcan təbili çaldıq. Hazırda çalışırlar ki, Nemətin məhkəmə işi uzadılsın”.

H. Pənahlı bəyan edib ki, həyat yoldaşının səhhətində ciddi problemlər var: “Pentensiar Xidmətə şikayət etdik ki, Nemətə heç bir tibbi yardım göstərilmir. 15 gün şikayət etdikdən sonra Nemətdən iki dəfə qan analizi götürüblər və indiyə qədər bir cavab yoxdur. Dünən Nemət vəkili ilə xəbər göndərib ki, həbsxanada dava-dalaşdan sonra bir dəran alıb içib”.

RAMİL

29 Sentyabr, 2011  15:51 Baxılıb: 925

Bu bölmədə