Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir xarici şirkətlərdəki çatışmazlıqdan danışdı

Fizuli Ələkbərov dialoqun vacibliyinə diqqət çəkib

Sentyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov “Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Bakıya gələn Beynəlxalq Əmək Təşkilatının (BƏT) transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru Rikarda Msfallsı və BƏT-in işdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadəni qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Media forum” saytına verilən məlumata görə, Fizuli Ələkbərov bildirib ki, transmilli şirkətlər Azərbaycan cəmiyyətində ümumən müsbət rəy qazanıb. Bununla belə, nazir deyib ki, həmin şirkətlərin bir qismində hələ də həmkarlar təşkilatlarının yaradılmaması, sosial tərəfdaşlıq prinsiplərinin formalaşdırılmaması, bəzən illərlə onlarda çalışan yerli işçilərin peşə və ixtisas artımının təmin olunması üçün tədbirlərin görülməməsi, ayrı-ayrı peşə və ixtisaslar üzrə yerli mütəxəssis potensialı yetişdiyi halda həmin işlərin görülməsi üçün məhz xaricdən işçi qüvvəsinin gətirilməsi, eyni işləri yerinə yetirən yerli işçilərə əmək haqqının xaricdən gələn işçilərlə müqayisədə xeyli aşağı məbləğdə ödənilməsi, bu və ya digər müqavilənin başa çatması səbəbindən xeyli sayda yerli işçinin eyni vaxtda işdən kənarlaşdırılması və s. kimi hallar mövcuddur.

Füzuli Ələkbərov əlavə edib ki, belə halların aradan qaldırılması üçün transmilli şirkətlərlə sosial tərəfdaşlıq şəraitində dialoqun sistemli şəkildə formalaşdırılması və həyata keçirilməsi vacib məsələlərdən biridir.

“Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr” mövzusunda konfrans sentyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcək.

28 Sentyabr, 2011  19:06 Baxılıb: 996

Bu bölmədə