Simsar.az | bizi özünüzə Simsar bilin
İrandakı azərbaycanlılar yenə aksiya keçirəcək

Oktyabrın 1-nə hazırlıq gedir

Lent.az-ın məlumatına görə, bunun bağlı yayılmış bildirişdə aşağıdakı tələblər yer alır:

- Urmiya gölünün quruması, ətraf mühitin məhv edilməsi, Azərbaycanın milli sərvətlərinin talanı siyasəti dayandırılsın;

- Gölə tökülən çayların qarşısındakı sədlər açılsın;

- Qanunverici və icraedici qurumlardakı məsullar Azərbaycan türklərinə qarşı işlətdikləri ədəbsiz ifadələrə görə üzr istəsin;

- Etiraz aksiyası zamanı dinc yürüşçülərə güc tətbiq edilməsi əmrini verən məmurlar işdən azad olunsun və cinayət məsuliyyətinə cəlb edilsin;

- Azərbaycan şəhərlərində elan olunmamış komendant saatı ləğv edilsin, yerli əhaliyə qarşı zorakılıq tətbiq edən qüvvələr Azərbaycan bölgələrindən çıxarılsın;

- Milli haqlarının təminini istəyən Azərbaycan Milli Hərəkatının təəssübkeşlərinə, ictimai-siyasi fəallara qarşı təzyiqlərə son qoyulsun, qanunsuz, özbaşına, əsassız həbslər dayandırılsın, tutulanlar qeyd-şərtsiz azad edilsin;

- Azərbaycan türkcəsi bütün təhsil ocaqlarında (ilk, orta və ali məktəblərdə) tədris dili kimi rəsmi olaraq tanınsın. Bundan başqa dövlət idarələrində, məhkəmə sistemində, kütləvi informasiya vasitələrində Azərbaycan türkcəsi rəsmi dil kimi işlədilsin.

Tehran hakimiyyəti Azərbaycan türklərinin bu haqlı tələbləri qarşılığında çeşidli vədlər verib, təhlükəsizlik qurumları vasitəsi ilə basqıları artırır.

“İRNA”-nın məlumatına görə, Urmiya bölgəsində neft məhsullarının nəqli üzrə şirkətin direktoru Ələsgər Tofiqi bildirib ki, 2012-ci il martın 20-dək orada neft məhsulları anbarı istismara veriləcək.

Direktorun sözlərinə görə, bu neft bazası Qərbi Azərbaycanın mərkəzi Urmiyadan 20 km aralıda, 50 hektar ərazidə tikiləcək.

Təbii ki, bununla hakimiyyət Güney Azərbaycana diqqət ayırdığını nümayiş etdirməyə səy göstərir.

Ötən günlər ərzində də Urmiya gölü ilə bağlı etiraz aksiyalarına qatılanlar ETTELAAT-a çağırılır. Onların adları vaxtaşırı olaraq, informasiya vasitələrində açıqlanır. Milad Mülki Urmiya ETTELAAT idarəsinə çağırılıb. Onunla bərabər daha 8 azərbaycanlı ictimai fəal ifadə vermək üçün ETTELAAT-ın Tikantəpə bölməsinə dəvət olunub. ETTELAAT-a çağırılanlardan Əli Hidayəti bir sutka saxlandıqdan sonra azadlığa buraxılsa da, fəal Ramin Rzayi 21 gündür ki, həbsdə saxlanır. İfadə vermək üçün ETTELAAT idarəsinə çağırılan azərbaycanlı fəalların konkret nədə günahlandırıldığı haqda məlumat yoxdur.

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində qonaqlıqda olan 7 azərbaycanlı tutulub. Salmas hüquq-mühafizə qüvvələri sentyabrın 25-də azərbaycanlı gənc qız və oğlanların axşam saatlarında qarışıq şəkildə keçirdiyi, musiqi və rəqsə yer verildiyi qonaqlığa müdaxilə edərək, onlardan 7 nəfərini tutub bilinməz istiqamətə aparıblar.

Qeyd edək ki, Urmiya gölünün qurumasına etiraz aksiyası keçirən ən fəal şəhərlərdən biri də Salmas olub.

Yerli müşahidəçilərin fikrincə, hakimiyyətin çeşidli güc qurumları oktyabrın 1-də keçirilməsi planlaşdırılan etiraz aksiyasının qarşısını almaq məqsədi ilə bu sayaq qabaqlayıcı tədbirlər keçirir.

28 Sentyabr, 2011  16:13 Baxılıb: 893

Bu bölmədə