Simsar.az | bizi özünüzə Simsar bilin
“Google”nin 13 yaşı oldu

Dünyanın ən iri internet-şirkətlərindən biri, ən populyar axtarış sisteminə sahib olan “Google” bu gün 13 yaşını qeyd edir.

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, axtarış sisteminin əsas səhifəsində bu münasibətlə bayram loqotipi dərc edilərək “Google”-nin bayram tortu və hədiyyələr masası arxasında “oturması” göstərilib. “Google”-nin doğum günü ilə bağlı tarix bir qədər dolaşıqdır. Korporasiya 4 sentyabr 1998-ci ildə təsis edilib, “google.com” domeni isə 15 sentyabr 1997-ci ildə qeydə alınıb. Lakin şirkət ad gününü sentyabrın 27-də bayram edir. 


“Google” şirkətinin əsası 1998-ci ildə Sergey Brin və Larri Peyc tərəfindən qoyulub. Stendford Universitetinin iki aspirantı axtarış sistemi üzərində işə isə hələ 1996-cı ildə başlayıblar. 13 il ərzində “Google” dünyanın əksər ölkələrində liderlik edən iri axtarış resursu yaratmağa nail olub. Şirkət axtarış sistemindən başqa, “Gmail” elektron poçtu, “Google Maps” xəritə resursu, “Google Translate” tərcümə proqramı, “Google+” sosial şəbəkəsi kimi servisləri də işə salıb.

28 Sentyabr, 2011  01:06 Baxılıb: 979

Bu bölmədə