Simsar.az | bizi özünüzə Simsar bilin
Qazaxıstanda namaz qadağan edildi

Hələlik iş yerlərində 

Ölkədə dini ekstremist ideyalarının yayılmasından sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin dinlə bağlı yeni qanun layihəsini imzalayacağı gözlənir.

Qanun layihəsi sentyabrın 21-də parlamentdə qəbul edilib. Yeni qanun dini fəaliyyəti məhdudlaşdırılan və ya qadağalar qoyulan təşkilatların qeydiyyatını çətinləşdirir.

Qanuna görə, gənclərin dini təhsili yerli hakimiyyətlərin nəzarəti altında olacaq. Eyni zamanda, bu qanun iş yerlərində ibadət etməyi qadağan edir.

«Dini fəaliyyət və Dini Assosiasiyalar» adlanan qanun ölkə ictimaiyyətində müzakirələr doğurub.

Millət vəkillərindən biri, dindar Bekbolat Tleukhan deyir ki, öz ofisində ibadət edərsə, deməli bu cinayət sayılacaq və o, qanunu pozmalı olacaq.

Astanadakı «Channel Seven» televiziyasına müsahibəsində o deyir ki, iş yerində ibadətə qadağa konstitusiyaya ziddir.

Qazaxıstanda namaz zamanı
NAMAZIN 2-3 DƏFƏSİ İŞ VAXTINA DÜŞÜR

Rəsmi məlumatlara görə, Qazaxıstanın 64 faizi müsəlmandır və əksəriyyəti sünni hənəfi təriqətinə inanır. Sünni hənəfilərin çoxu gündə 5 dəfə namaz qılır. Bunun 2-3 namaz vaxtı iş saatlarına düşür.

«Kazaxıstan Zhastray» qeyri-hökumət təşkilatının rəhbəri Maksat Nurypbaev deyir ki, adamlar inam və ya iş seçimi qarşısında qalacaq, bu isə düzgün deyil.

Qanuna görə, məscidlərin və dini təşkilatların qeydiyyatı üçün yerli və mərkəzi hakimiyyətlərdən icazə tələb olunur.

Qanunun əleyhinə olanlar onu dini azadlıqların məhdudlaşdırılması kimi xarakterizə edir, lehinə olanlar isə hesab edir ki, ölkədə dini ekstremistlərin fəaliyyətinin qarşını alacaq.

Prezident Nazarbayev bu il çıxışlarında tez-tez vurğulayıb ki, ölkənin dini ekstremistlərdən müdafiəsinə ehtiyac var. O, bu yaxınlarda məscid tikdirən imkanlı qazaxları da tənqid edib.

Qazaxıstanda bu il bir neçə terror hadisəsi baş verib. Bundan sonra rəsmilər tez-tez Orta Asiyanın ən stabil ölkəsində dini ekstremizm təhlükəsinin artmasını bildirirdilər və qanun layihəsini də hökumətin buna reaksiyası kimi qəbul etmək olar.

27 Sentyabr, 2011  23:04 Baxılıb: 1188

Bu bölmədə