Simsar.az | bizi özünüzə Simsar bilin
Aqşin Mehdiyev ermənilərin cavabını verdi

Səfir BMT baş katibinə məktub göndərib

APA-nın Vaşinqton bürosunun verdiyi məlumata görə, Ermənistan nümayəndəliyi Azərbaycana qarşı təcavüz və digər ciddi beynəlxalq cinayətlərə görə İrəvanın məsuliyyət daşıdığını inkar edir.

“Qeyd olunmalıdır ki, Ermənistanın daimi nümayəndəliyi məktublarını, Azərbaycan ərazilərinin işğalını pisləyən və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeydsiz-şərtsiz çıxarılmasını tələb edən prinsipial bir təşkilatın Baş Katibinə ünvanlayıb”. Səfir Aqşin Mehdiyevin BMT Baş Katibinə məktubunda belə deyilir.

“Ermənistan rəsmiləri həqiqəti etiraf etmək və canlarını reallıqları davamlı olaraq təhrif etməkdən birdəfəlik qurtarmaq əvəzinə cinayətlərinə bəraət qazandırmağa cəhd göstərir və Azərbaycanın üzərinə kölgə salmağa çalışırlar”.

“Bu cür kobud yalanlar onlara tamamilə zidd olan faktların qarşısında davam gətirmir və kağız evciklər kimi tez dağılır. Ermənistanın millətçi dairələri dəfələrlə təhlükəli provokasiyalara, zorakılıqlara və qüvvə tətbiqinə əl atıblar, dağıdıcı müharibələrə və insanların əzabına yol açan işğal siyasəti yürüdüblər. Ermənistan sübut edib ki, onun Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və apardığı hərbi əməliyyatlar lap əvvəldən güc yolu ilə ərazi tutmaq və həmin ərazilərin demoqrafik tərkibini dəyişmək məqsədi daşıyıb”.

Səfir bildirir ki, iki ölkə arasında tam miqyaslı müharibə başlamazdan əvvəl Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün bir sıra qanunsuz bəyanatlar verilib və qərarlar qəbul edilib. Ermənilər 1987-ci ilin sonlarında və 1988-ci ilin əvvəllərində azərbaycanlılara qarşı bir sıra hücumlar həyata keçiriblər. Həm Dağlıq Qarabağda, həm də Ermənistan ərazisində edilən hücumlar nəticəsində azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin axını başlayıb və Ermənistanın nizami silahlı qüvvələri, muzdlu qoşunları və terrorçu birləşmələri Azərbaycan ərazisinə müdaxilə edib.

Sənədli dəlillər, BMT və digər təşkilatlar təsdiqləyir ki, Ermənistan qəsbkar niyyətlərini həyata keçirmək üçün müharibə törədib, Azərbaycana hücum edib. Nəticədə Dağlıq Qarabağ və yeddi ətraf bölgə işğal olunub, kütləvi etnik təmizləmə siyasəti həyata keçirilib, dəhşətli cinayətlər törədilib və işğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim yaradılıb.

“İşğaldan əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllində və onun nəticələrinin aradan qaldırılmasında ən maraqlı olan tərəfdir. Hərbi əməliyyatların nəticəsindən bəhrələnən Ermənistan isə mövcud status kvonu saxlamağa çalışır və münaqişənin həlli kimi yalnız Azərbaycan ərazilərinin ilhaqını görür”.

“Son aylarda cəbhə bölgəsində azərbaycanlı mülki şəxslərə və mülki obyektlərə hücumların artması, Yerevan rəsmilərinin tarixi yalanlar və təhriflərlə dolu düşmən bəyanatları göstərir ki, Ermənistanın siyasəti regionda sülhə və sabitliyə birbaşa təhlükə yaradır. Ermənistan prezidenti Serj Sərkisyanın bəyanatları sübut edir ki, bu ölkənin rəhbərliyi xalqlarımızın dinc gələcəyi üçün vacib olan sivil davranış normalarından və prinsiplərindən uzaqdır”.

Səfir Mehdiyev BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırır ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir. Avqust ayında atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun leytenantı ağır yaralanıb.

24 Sentyabr, 2011  19:11 Baxılıb: 811

Bu bölmədə