Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ bizə "bunu etməyin" deyəcək halda deyil

ƏRDOĞAN OBAMA İLƏ GÖRÜŞÜNDƏN DANIŞIB

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan sentyabrın 20-si Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Saatyarımlıq görüşdən sonra Ərdoğan mətbuat konfransı keçirib.


“Trtazerbaycan.com”un məlumatına görə, baş nazir Obama ilə görüşdə Yaxın Şərqdə sülh prosesi haqda müzakirələr apardıqlarını deyib: "Fələstin-İsrail məsələsini də müzakirə etdik. Aralıq dənizində beynəlxalq sularda gəmilərimizə edilən hücumla bağlı haqlı olduğumuzu qəbul edirlər. Xüsusilə İsraillə bağlı məsələdə ABŞ bizə "bunu etməyin" deyəcək vəziyyətdə deyil, çünki haqlı olduğumuzu bilir. Bizim hazırkı mövqeyimizin, qərarlılığımızın eyni şəkildə davam edəcəyini də. İsrail üzr istəmədikcə, təzminat ödəmədikcə, Qəzza embarqosu qaldırılmadıqca əlaqələrin normallaşması mümkün deyil".

Ərdoğan mətbuat konfransında Suriya məsələsinə də toxunub. Baş nazir Suriya iqtidarı ilə müzakirələri özünün dayandırdığını bildirib: "Bunu heç istəməzdik. Amma təəssüf ki, Suriya iqtidarı bizi belə bir qərar qəbul etmə nöqtəsinə gətirdi".

Baş nazir Fələstinin tanınması ilə bağlı da danışıb. Ərdoğan qeyd edib ki, BMT 1947-ci il tarixli 181 saylı qətnaməsi ilə Fələstinin dövlət olduğunu qəbul edib və o tarixdən bəri geri addım atmayıb: "Bu, Fələstin xalqına qarşı edilən bir səhvdir. Bu səhvin düzəldilməsi lazımdır. Bizlər Fələstin dövlətinin hər an yanında olacağıq. Mən hökuməti demirəm, dövləti deyirəm. Ümid edirəm ki, Amerika da bu məsələdə lazımi dəstəyi verər".

21 Sentyabr, 2011  20:19 Baxılıb: 908

Bu bölmədə