Simsar.az | bizi özünüzə Simsar bilin
İranda kütləvi edam

23 nəfər asıldı

“Amnesty İnternational” insan haqları təşkilatı İran hakimiyyətini azərbaycanlı qadın haqları fəalı Faranak Fəridin həbsdə işgəncələrə məruz qalması məlumatlarını araşdırmağa çağırıb.


Təşkilatın bəyanatında deyilir ki, 50 yaşlı jurnalist və insan haqları fəalı Faranak Fərid sentyabrın 3-də Təbrizdə Urmiyə gölünün qurumasına etirazlarda tutulub. O, “Ali lideri təhqir etməkdə”, “sistem əleyhinə təbliğatda” ittiham olunur. Həbsxanada F.Fəridi vəhşicəsinə döyüblər. Onun bir qulağı eşitmir, bir ayağı tutmur. “Amnesty İnternational”ın regional direktoru Filip Lüter deyir ki, “o, dərhal müalicə olunmalıdır. F. Fərid yazdıqlarına, siyasi fəaliyyətinə görə həbs olunubsa, o, vicdan məhbusudur və dərhal azad olunmalıdır

İrandakı Azərbaycanlı Siyasi Dustaqların Müdafiəsi Assosiasiyası (İASDMA) bildirib ki, Urmiyə gölünün qurumasına etiraz olaraq sentyabrın 19-da Ərdəbildə keçiriləcək nümayişə çağırdığına görə azərbaycanlı fəallar həbs olunublar.
Sentyabrın 14-də nümayişə çağırış vərəqləri yayan 13 nəfər tutulub. Bir tələbə fəalı və bir keçmiş siyasi məhbus isə bir neçə gün əvvəl həbs olunublar. İran hakimiyyəti Urmiyə gölünü qorumaqdansa, repressiyaları davam etdirir. Fəalların dediyinə görə, belə getsə, Urmiyə gölü 3 il ərzində tam quruya bilər.
İranlı ətarf mühit eksperti Esmail Kahrom Fərda radiosuna deyib ki, Urmiyənin qurumasına səbəb gölə tökülən çaylarda su-elektrik stansiyalarının tikilməsidir. Urmiyə gölünü su ilə qidalandıran 21 çayda 35 belə stansiya tikilib, 10-nu da tikilməkdədir.

Azadlıq radiosu xəbər verir ki, azərbaycanlı fəalların növbəti etiraz nümayişləri İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində olub. Hakimiyyət nümayişləri zor gücünə dağıdıb. Onlarla nümayişçi tutub.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) nümayəndə heyəti sentyabrın 12-də BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidlə görüşüb. GAMAC idarə heyətinin üzvü Sadiq İsabəylinin “Media forum” saytına verdiyi məlumata görə, saatyarımlıq görüşdə Güney Azərbaycanda baş verən son hadisələr, o cümlədən Urmu gölünün məqsədyönlü qurudulması, 30 milyondan çox azərbaycanlının ana dilində təhsil hüququndan məhrum edilməsi, türklərin dinc etirazları və milli fəalların qeyri-qanuni həbsi ilə bağlı məlumatlar verilib. Əhməd Şəhidə həbs olunmuş milli fəallar haqqında kitab və Güney Azərbaycanın müxtəlif problemləri ilə bağlı 100 səhifəlik sənəd təqdim olunub. Əhməd Şəhiddən xahiş olunub ki, İrana səfəri baş tutarsa, hökümətdən azərbaycanlıların pozulmuş hüquqlarının təmin olunmasını tələb etsin.
GAMOH-dan aldığımız çəlumata görə, Ərdəbildə tanınmış milli-mədəni fəal Əsgər Əkbərzadənin daha bir qardaşı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb. Xaliq Əkbərzadə aptekə (davaxana) gedərkən məmurlar tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb. Xatırladaq ki, hazırda bir ailədən 3 qardaş ETTELAAT təcridxanasında saxlanılır.

Bu arada İranda daha 23 nəfərin dar ağacından asıldığı xəbəri gəlib. GAMOH-dan bildirilir ki, məhkum olunmuş şəxslərin 15-i Türbəti Cam zindanında, 5-i Simnan əyalətində (ostanında) icra edilib. Daha 3 nəfər isə Qum şəhərində dar ağacından asılıb. İranda narkotik maddələrin (müxəddir maddələrin) satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən 23 nəfər dar ağacından asılıb. Məlumata görə, edama məhkum olunmuş şəxslərin 15-nin hökmü sentyabrın 12-si Türbət-i cam zindanında, 5-nin hökmü isə həmin gün Simnan əyalətində icra edilib. Sentyabrın 13-də daha 3 nəfər İranın Qum şəhərində dar ağacından asılıb. Edam edilənlərin kimliyi açıqlanmayıb. Ancaq onların içində itkin düşən hərəkat fəallarının olduğu istisna edilmir.

16 Sentyabr, 2011  20:19 Baxılıb: 852

Bu bölmədə