Simsar.az | bizi özünüzə Simsar bilin
Monteneqronun prezidenti Azərbaycan barəsində nələr dedi

"Azərbaycanın inkişafı bizi sevindirir"

APA-nın məlumatına görə, dövlət başçısı İ. Əliyev Azərbaycan tərəfinin bu səfərə böyük əhəmiyyət verdiyini deyib: “Çünki bu, münasibətlərimizin tarixində ilk rəsmi səfərdir. Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur, əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək var”.

Prezident İ. Əliyev bildirib ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi də diqqət mərkəzində olmalıdır. İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlət başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğulayıb.

Regional məsələlərdə Azərbaycanla Monteneqro arasında fikir ayrılığının olmadığını vurğulayan prezident İ. Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro prezidentinə məlumat verdiyini deyib və ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə bu məsələ ədalətli həllini tapacaq.

Görüşdə Avratlantik strukturlara inteqrasiya ilə bağlı fikir mübadiləsinin də aparıldığını deyən dövlət başçısı bu səfərin ikitərəfli əlaqələr üçün vacib olduğunu vurğulayıb.

Öz növbəsində, “Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və bu sürətli inkişafın bundan sonra da davam edəcəyinə əminəm” deyən Monteneqro prezidenti son illərdə ölkələrimiz arasında sıx əlaqələrin qurulması istiqamətində addımların atıldığını bildirib.

F. Vuyanoviç qarşılıqlı sərmayələrin qoyulması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb: “Bizim münasibətlərimiz mövcuddur və bu, məni çox sevindirir. Mədəniyyət sahəsində ölkələrimiz arasında güclü əlaqələr formalaşır”.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğulayıb.

“Azərbaycana bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir” deyən Monteneqro prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyini diqqətə çatdırıb.

16 Sentyabr, 2011  19:27 Baxılıb: 787

Bu bölmədə