Simsar.az | bizi özünüzə Simsar bilin
ŞUŞA ŞƏHƏR 1 NÖMRƏLİ ORTA MƏKTƏBİ ÜÇÜN YENİ BİNA

Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan təhsilinin tarixinə ilk dünyəvi tədris ocaqlarından biri kimi daxil olmuş Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün yeni binanın tikintisini təmin etmək məqsədi ilə qərara alıram:
1. Şuşa şəhər 1 nömrəli orta məktəbi üçün Bakı şəhərinin Yasamal rayonu ərazisində 360 şagirdlik yeni binanın tikintisi məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 (bir milyon beş yüz min) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2011-ci il.

15 Sentyabr, 2011  00:29 Baxılıb: 867

Bu bölmədə