Simsar.az | bizi özünüzə Simsar bilin
Elmira Süleymanova dünya ictimaiyyətinə müraciət etdi

Müraciətin məzmunu belədi: Qarabağımızı istəyirik

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, bir milyondan çox qaçqın və məcburi köçkünlərinin olduğu qeyd olunub: “İkili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi ağır itkilərə məruz qalır. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində torpaqlarının beşdə bir hissəsi zəbt olunmuş, 1 milyonadək insan öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırım aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olub, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilib. Eyni zamanda minlərlə soydaşımız itkin düşüb, əsir və girov götürülüb, atəşkəs rejiminə baxmayaraq bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir. Bu gün uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, ATƏT-in Minsk qrupu və digər qurumlar) problemin həllində vasitəçilik missiyası hələ də məsələnin həllində öz müsbət nəticəsini vermir”.


Müraciətdə qeyd olunub ki, belə bir vaxtda sülhyaratma proseslərinə dəstək verilməli, sülhü qoruyub saxlamaq, xalqların rifahını yüksəltmək istiqamətində bütün səylər birləşdirilməlidir: “Davamlı inkişafa gedən birbaşa yol məhz sülh, ədalət, tolerantlıq və qanunun aliliyindən keçir. Elə qeyd etdiyimiz “21 sentyabr – Beynəlxalq Sülh Günü” də, bütün dünyada, o cümlədən ölkəmizdə əlamətdar gün kimi ona görə qeyd olunur ki, insanların sülh diləyinin, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsi yalnız sülh şəraitində mümkündür. Biz dünyada törədilən bütün müharibələri, terror və faciələri, Ermənistanın ölkəmizə, xalqımıza qarşı uzun müddətdən bəri davam edən təcavüzünü pisləyir, bunu dünyada və Cənubi Qafqaz regionunda sabitliyə, sülhyaratma proseslərinə təsir edən neqativ amil hesab edir, dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan BMT-ni münaqişənin sülh yolu ilə həllində əməli tədbirlər görməyə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə, ərazi bütövlüyünün bərpasında kömək göstərməyə çağırırıq. BMT Baş Məclisinin bu günlərdə işə başlamış 66-cı sessiyasının gündəliyinə daxil edilən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı da BMT-nin, eləcə də müxtəlif dövlət nümayəndələrinin qətiyyətli mövqe nümayiş etdirmələrini gözləyir və ümidvarıq ki, Azərbaycanın ərazi bütövlüyünü, öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpa edilməsini, əsir və itkin düşmüş soydaşlarımızın hüquqlarını özündə əks etdirən qətnamə qəbul olunacaq və bu sənəd kağız üzərində qalmayacaq”.


Müraciət BMT-nin Baş Katibi, BMT-nin Təhlükəsizlik Şurası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Birliyi, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

14 Sentyabr, 2011  21:47 Baxılıb: 916

Bu bölmədə