Simsar.az | bizi özünüzə Simsar bilin
YOL POLİSLƏRİNƏ İNGİLİS DİLİ ÖYRƏDİLİR

Azərbaycanda yol polislərinə ingilis dili tədris olunur.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Azərbaycana xarici turistlərin axını, müxtəlif sahələrdə xarici ölkə vətəndaşlarının, iş adamlarının fəaliyyəti, nəqliyyat vasitələrini idarə edənlər arasında əcnəbilərin sayının çox olması yol polisləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursları nəzdində ingilis dili kurslarının açılmasını zəruri edib.

Kursların ilin əvvəlindən başladığını deyən Əliyev qeyd edib ki, əcnəbilərin əksəriyyəti ingilis dilini bildiyi üçün kurslar da bu dildə təşkil olunub. Kurslarda yol polisi əməkdaşlarına ingilis dilində gündəlik danışıq öyrədilir.

Şöbə rəisi əcnəbi vətəndaşlarla yol polisi arasında ünsiyyətlə bağlı hər hansı problemin olmadığını və İdarəyə bu məsələ ilə bağlı şikayət gəlmədiyini qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq iyul ayında yol patrul xidmətinə qəbulda xarici dil biliklərinin yoxlanılmasına başlanılıb.

Artıq son müsabiqədən sonra yol patrul xidmətinə qəbul qaydalarında xarici dil biliklərinin olması tələbi qoyulub./trend

14 Sentyabr, 2011  02:11 Baxılıb: 817

Bu bölmədə