Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyada şəriət hökuməti qurulur

Konstitusiya dəyişdirilir

Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil bəyan edib ki, ölkə konstitusiyasının əsasında İslam dayanacaq. Trend-in məlumatına görə, bu barədə "Muhit" qəzeti xəbər verir.

"Liviyada İslam mötədildir. Ölkədə Konstitusiya İslama əsaslanacaq", - Əbdülcəlil deyib.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəzzafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Fevralda müxalifət Benqazidə MKŞ-ni yaradıb və o, ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. MKŞ-ni Rusiya da daxil olmaqla, təxminən 60 ölkə tanıyıb.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəzzafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Müəmmar Qəzzafinin yeri barədə indiyədək heç nə məlum deyil. Onun ailəsinin bir hissəsi Əlcəzairə qaçıb, oğullarından biri isə bu ərəfələrdə Nigerdə peyda olub.

Cümə günü İnterpol Müəmmar Qəzzafi, onun oğlu Seyf əl-İslam və Liviya hərbi kəşfiyyatının keçmiş direktoru Abdullah əs-Sənusinin həbsinə order verib. Şəxs haqqında "qırmızı bülleten" çıxarılması onun ən çox axtarılan şəxslər siyahısına daxil edilməsi deməkdir.

13 Sentyabr, 2011  17:22 Baxılıb: 1001

Bu bölmədə