Simsar.az | bizi özünüzə Simsar bilin
Vəfa Quluzadə: "İsrail dünyanın ərköyün uşağıdır"

Politoloqa görə, İsrailin Türkiyədən üzr istəməkdən başqa çıxış yolu yoxdur

"Türkiyə-İsrail münasibətlərinin korlaşmasının araxasında böyük dövlətlər durur. Ona görə ki, İsrail dünyanın ərköyün uşağıdır. Onun arxasında ABŞ kimi güclü dövlət dayanır. Amma bu mənim mülahizəmdir. Hesab edirəm ki, hazırda ABŞ istəyir ki, İsrail ona tabe olsun. Son vaxtlar İsrail ABŞ-a tabe olmur. ABŞ İsrailin istəyinə baş əyir". Bu fikri SalamNews-a "Türkiyə-İsrail münasibətləri ilin sonunadək düzələ bilərmi" sualına cavabında politoloq Vəfa Quluzadə bildirib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərq ölkələri inqilabi vəziyyət yaşayır. Yaxın Şərqdə xalqlar hakimiyyəti ələ alsalar, hakimiyyətə böyük təzyiqləri olsa, onda İsrailin halı pis olacaq: “Yaxın günlərdə Misirdə xalq İsrail səfirliyini dağıtdı və bayrağını yandırdı. ABŞ istəyir ki, İsrail ərəb ölkələri ilə barışsın, İsrail 1967-ci il sərhədlərini tanısın. İsrail isə şıltağlıq edir və bunu tanımaq istəmir”.

V.Quluzadə hesab edib ki, İsrail ABŞ dəstəyinə tam güvənə bilməz. Ona görə də Türkiyə İsrail ilə çox sərt rəftar edir. Onun sözlərinə görə, bundan sonra Türkiyə Fələstinə yardım məqsədi ilə yüklərini hərbi kanvoyla göndərəcək. Əgər bu olarsa, iki ölkə arasında müharibənin istisna etmədiyini vurğulayan politoloq bildirib ki, Fələstin məsələsini tezliklə həll etmək İsrailin xeyrinə olar.

O deyib: “Yaxınlarda BMT-də İsraillə bağlı qətnamə səsverməyə çıxarılacaq. Mən düşünürəm ki, sözügedən qətnamə İsrailin əleyhinə olacaq və Fələstin dövləti yaranacaq. Əgər İsrail Fələstin dövlətini tanımasa, heç ABŞ da onu müdafiə etməyəcək. Ona görə ki, hamı bilir, Yaxın Şərqdə baş verən inqilabların arxasında ABŞ durur. Mən hesab etmirəm ki, bu belədir”.

V.Quluzadə söyləyib ki, ABŞ bu cür inqilabları görür və xalqla bir olmaq istəyir. Həmçinin ABŞ Yəmən, Suriya, Misir və digər ərəb ölkələrini təsiri altına salmaq istəyir. Əgər Fələstin problemi həll olunmasa, heç bir ərəb ölkəsi ABŞ-la barışmayacaq: “Ümumilikdə isə əgər İsrail düzgün addım atsa, bu il ərizində Türkiyə ilə münasibətləri normallaşdıra bilər. İsrail ancaq və ancaq üzr istəməklə Türkiyə ilə aralarında soyuq münasibətləri istiləşdirə bilər”.

Xatırladaq ki, Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusi təyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını bildirib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edir.

13 Sentyabr, 2011  16:41 Baxılıb: 1368

Bu bölmədə