Simsar.az | bizi özünüzə Simsar bilin
RAMİL USUBOV ÖZBƏKİSTANDA

Azərbaycan ilə Özbəkistanın hüquq mühafizə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.
Sentyabrın 12-də R.Usubov özbəkistanlı həmkarı Bahadur Matlyubovla görüşüb.
Görüşdə Bahadur Matlyubov əlaqələrin daha da genişlənməsində qarşılıqlı səfərlərin və belə görüşlərin sayının artırılmasının vacibliyini qeyd edib. O bildirmişdir ki, ölkələrimizin dövlət başçıları İslam Kərimovun və İlham Əliyevin qarşılıqlı səfərləri münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynamışdır və əməkdaşlığımız bu gün də uğurla davam edir.
Özbəkistanın daxili işlər naziri hüquq mühafizə orqanları əməkdaşlarının terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində apardıqları iş barədə məlumat vermiş, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ramil Usubov münasibətlərimizin belə yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun rolunu xüsusi qeyd edib. Nazir bildirib ki, məhz ulu öndər Heydər Əliyev və İslam Kərimovun səyləri nəticəsində hər iki ölkədə ictimai siyasi sabitlik yaranmışdır. Bunun nəticəsidir ki, həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadiyyatı uğurla inkişaf edir. İqtisadiyyatın inkişafı isə sabitlikdən asılıdır. Nazir R.Usubov Azərbaycanda cinayətkarlıqla mübarizə sahəsində görülən işlər haqqında məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi barədə ətraflı məlumat verən R.Usubov bu məsələdə birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Özbəkistan rəhbərliyinə minnətdarlığını bildirir.

Özbəkistanda səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 12-də bu ölkənin baş prokuroru Raşid Kadırovla görüşüb.
Özbəkistanın və Azərbaycanın hüquq mühafizə orqanları arasında əlaqələrin inkişaf etdiyini vurğulayan baş prokuror demişdir ki, ölkələrimizin əməkdaşlığının hərtərəfli inkişafı üçün biz, ilk növbədə, dünya şöhrətli siyasi xadim Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimova minnətdar olmalıyıq. Son vaxtlar isə Özbəkistanın dövlət başçısı İslam Kərimovun Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin isə Özbəkistana səfərləri əlaqələrimizin yüksək səviyyəyə qalxmasına təkan verib.
R.Kadırov Özbəkistanda cinayətkarların məsuliyyətə cəlb edilməsi sahəsində görülən işlər haqqında da məlumat verib.
Ramil Usubov bildirmişdir ki, dilimiz, dinimiz, adət-ənənələrimizin eyniliyi bizi daha da yaxınlaşdırır. Nazir demişdir: “Şadam ki, hər iki ölkədə sabitlik hökm sürür və bunun yaranmasında ulu öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xidmətləri danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Özbəkistana səfəri zamanı bu sahədə imzalanmış sənəd əlaqələrimizin daha da inkişafına zəmin yaradıb”.
Ramil Usubov Azərbaycanda kriminogen vəziyyət haqqında məlumat vermiş, Özbəkistanın hüquq mühafizə orqanları ilə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və bir sıra digər məsələlərlə bağlı müzakirə aparılıb.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov da iştirak edib.

13 Sentyabr, 2011  15:47 Baxılıb: 942

Bu bölmədə