Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ ŞİMALİ İRAQDA HƏRBİ BAZA QURMAQ İSTƏYİR

Qəndil dağı ətrafındakı Ranya və Çaykuma bölgələrində hərbi baza yaradılması zəruri sayılır

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terror təşkilatının bazasının və rəhbərliyinin olduğu Qəndil dağında hərbi əməliyyat aparmaq üçün Şimali İraqda hərbi baza qurmağı vacib sayıb və bununla bağlı istəyini Türkiyə hökumətinə çatdırıb.Türkiyə hökuməti Baş Qərargahın bu istəyini iki həftə əvvəl Ankarada olan Şimali İraq Federal Kürdüstan Bölgəsinin daxili işlər naziri Kerim Sincariyə çatdırıb. 

Türkiyə hökuməti istəyini artıq İraq mərkəzi hökumətinə də bildirib. İran hökuməti də PKK-nın bir qolu olan PJAK-a qarşı Qəndildə hərbi əməliyyat keçirmək niyyətində olduğu üçün İraq hökuməti və Şimali İraq Federal Kürdüstan Bölgəsinin rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır. Şimali İraq Federal Kürdüstan Bölgəsinin rəhbərliyi Türkiyədən oktyabr ayına qədər vaxt istəyib və bu müddət ərzində PKK-nın Türkiyəyə qarşı əməliyyatları dayandırmağa razı salmağa ümid bəsləyirlər. Bu həftə Şimali İraq Federal Kürdüstan Bölgəsinin baş naziri Neçirvan Bərzani və Kerim Sinxari yenidən Ankaraya gələcək. Ancaq onlardan qabaq bu gün Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu Bağdada gedir və İraq hökumətinin kürd əsilli xarici işlər naziri Hoşyar Zebari ilə görüşəcək. O, daha sonra Şimali İraq Federal Kürdüstan Bölgəsinin inzibati mərkəzi Ərbilə gələcək.

Əgər oktyabra qədər PKK terror təşkilatı ilə razılıq əldə olunmazsa, o halda Türkiyə ordusu Qəndil dağı və ətrafını mühasirəyə alacaq. Məhz bu hərbi əməliyyatın effektli aparılması və PKK terror təşkilatının qol-qanadının tam bağlanması üçün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Şimalı İraqda, Qəndil dağı ətrafındakı Ranya və Çaykuma bölgələrində hərbi baza yaradılmasını zəruri sayır. Bu bölgələr əlverişli quru yollarının üzərində yerləşir.

11 Sentyabr, 2011  01:37 Baxılıb: 887

Bu bölmədə