Simsar.az | bizi özünüzə Simsar bilin
AVRONUN UCUZLAŞMASI İXRAC İMKANLARIMIZI ZƏİFLƏDİR

Son günlər avronun məzənnəsi milli valyutamıza (manata) nisbətdə sürətlə ucuzlaşır.

Ayın əvvəli ilə müqayisədə avro manata nisbətən 4% dəyərdən düşüb. Mərkəzi Bankdan verilən məlumata görə, avqust ayının son iş günündə bir avro 1,1403 manata bərabər olub.



Dünən isə bu göstərici 1,0953 manata qədər düşüb. Eyni zamanda, bu 2 mart 2011-ci il tarixindən sonra qeydə alınan ən aşağı göstərici hesab olunur. Həmin tarixdə bir avro 1,0916 manata səviyyəsində olub.

Qeyd edək ki, manatla müqayisədə avronun məzənnəsi ən yüksək həddə 2009-cu ilin dekabr ayının əvvəlində ki həddə (1 avro - 1,211 manat) çatıb. Lakin həmin tarixdən başlayaraq, cari ilin əvvəlinə qədər avro davamlı olaraq ucuzlaşmağa başlayıb. Hətta ötən ilin iyun ayında avronun məzənnəsi tarixi ərzində ən aşağı səviyyəyə (1 avro - 0,9561 manat) düşüb.

Bəs avronun manata nisbətən ucuzlaşması ölkə iqtisadiyyatı üçün nə vəd edir?



Məzənnə dəyişikliyi valyuta

ehtiyatlarımıza təsir edir

Avronun milli valyutamıza nisbətən dəyərdən düşməsi, heç şübhəsiz ki, ilk növbədə xarici ticarət dövriyyəsinə təsir edəcək. Avronun ucuzlaşması Avropa dövlətlərinə satılan məhsulların azalmasına gətirib çıxaracaq. Eyni zamanda ixrac əməliyyatlarında əldə olunan real gəlirin həcmi azalacaq. Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində xarici ticarət sahəsində ixracın həcmi 15,4 milyard dollardan artıq olub. Bunun 10 milyard dollara yaxını Avropa ölkələrinin payına düşüb. Manatın avroya nisbətən möhkəmlənməsi ixrac imkanlarını zəiflətdiyi kimi, Avropa ölkələrindən gətirilən məhsulların artmasına da səbəb olacaq. Bu isə yerli istehsala mənfi təsir göstərəcək. Avronun ucuzlaşması eyni zamanda ölkəmizin rəsmi valyuta ehtiyatlarına da təsir edəcək. Qeyd edək ki, hazırda valyuta ehtiyatlarımızın 40 milyard dollara yaxın olduğu bildirilir. Bu vəsaitlərin təxminən 32 milyard dollardan çoxu Neft Fondunun, 7 milyard dollardan bir qədər artığı isə Mərkəzi Bankın (MB) sərəncamındadır. MB-də valyuta ehtiyatlarının 85%-i dollarla, 10%-i isə avro ilə saxlanılır. Rəqəmlərdən də göründüyü kimi, avronun məzənnəsində baş verən dəyişikliklər MB-nin valyuta ehtiyatlarına ciddi təsir etməyəcək. Çünki MB-də avro ilə saxlanılan vəsaitlərin həcmi elə də böyük deyil. Təsadüfi deyil ki, ötən ilin ilk yarısında avronun məzənnəsi manata nisbətdə 15,3% ucuzlaşsa da, MB-nin valyuta ehtiyatlarında 5,7% və ya 290 milyon dollar artım qeydə alınıb. Neft Fondunda isə vəziyyət bir qədər fərqlidir. Burada vəsaitlərin 50%-i dollar, 40%-i isə avro ilə saxlanılır. Eyni zamanda Neft Fondunda avro ilə saxlanılan vəsaitlər MB-nin valyuta ehtiyatlarından dəfələrlə çoxdur. Bu baxımdan avronun məzənnəsində müşahidə olunan enmə Fondda saxlanılan vəsaitlərin də azalmasına səbəb olacaq. Məzənnə dəyişikliyinin vəsaitlərə təsiri Fond tərəfindən açıqlanan statistik hesabatlarda da əks olunur. Belə ki, cari ilin ilk yarısında avro manata nisbətdə 24,6% bahalaşıb. Bunun nəticəsi olaraq, 2011-ci ilin ilk iki rübü ərzində Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri 482,4 milyon manata bərabər olub. Ancaq ötən ilin analoji dövründə avronun məzənnəsi manata nisbətdə 8,6% aşağı düşüb. Bu səbəbdən də həmin dövrdə Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri cəmi 11,9 milyon manat təşkil edib.



Bütün region ölkələrində avro

dəyərdən düşüb

Məlumat üçün bildirək ki, son 9 gün ərzində avronun məzənnəsi təkcə milli valyutamızla (manat) deyil, region ölkələrinin milli valyutaları ilə müqayisədə də aşağı düşüb. Ancaq avro ən çox ölkəmizdə ucuzlaşıb. Digər region ölkələrinə gəldikdə isə, Türkiyədə avronun məzənnəsi sentyabrın ilk 9 günü ərzində 2% ucuzlaşıb. Avronun məzənnəsində ən çox ucuzlaşma Tacikistan, Qazaxıstan, İran və Moldovada qeydə alınıb. Avro bu ölkələrin milli valyutalarına nisbətdə müvafiq olaraq, 3,1%, 2,6%, 2,2% və 2,1% ucuzlaşıb. Bundan başqa, avro Gürcüstan larisi qarşısında 1,7%, Ermənistan dramı qarşısında isə 1,5% dəyərdən düşüb. Avronun məzənnəsi ən az Rusiya və Belarusda azalıb. Bu ölkələrdə avronun dəyəri müvafiq olaraq, 0,8% və 0,4% aşağı enib. /zaman.az

10 Sentyabr, 2011  18:19 Baxılıb: 1131

Bu bölmədə