Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev qaz yatağına görə xalqı təbrik etdi

Yeni qaz yatağı böyük hadisədi

Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi ilə bağlı mətbuata açıqlama verib. O, bildirib ki, bu, böyük hadisədir. Dövlət başçısının fikrincə, “Abşeron” yatağında böyük həə qaz ehtiyatlarının aşkarlanması Azərbaycanın qaz potensialının inkişafına verilən böyük töhfədir.

““Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdir. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt bizim imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artıb. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilər. “Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq biz inanırdıq. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, “Abşeron” yatağında məhsuldar laylar var”, - Prezident bildirib. Onun sözlərinə görə, bu inam xarici tərəfdaşlar tərəfindən də ifadə edilib: “Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanıb. Bəlkə də dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. Bir daha demək istəyirəm ki, Abşeronda çox böyük qaz yatağı kəşf edilib”.

İlham Əliyev yeni qaz yatağının kəşfinin fakdalarından danışıb: “Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaq”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan hökumətinin enerji siyasəti bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür: “Bu istiqamətdə çox vacib addımlar atılıb. Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz var. Yeddi neft-qaz kəmərimiz var. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik”.

“Bizim planlarımız çoxdur”, - deyən Prezident əminliyini ifadə edib ki, bu ilin sonuna qədər bütün tranzit məsələləri öz həllini tapacaq və beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaq.

“Bu gözəl hadisə ilə əlaqədar mən bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, doğrudan da çox önəmli, çox vacib hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmizin çox böyük imkanları, böyük potensialı və çox gözəl gələcəyi var”, - deyə İlham Əliyev çıxışını yekunlaşdırıb.

10 Sentyabr, 2011  13:37 Baxılıb: 852

Bu bölmədə