Simsar.az | bizi özünüzə Simsar bilin
ETİMAD İSMAYILOVUN İLHAM RƏHİMOVLA BAĞLI İTTİHAMLARINA CAVAB GƏLDİ

“Onu hörmətdən salmaq xainlik və paxıllıqdan başqa bir şey deyil”

Ədalət Partiyası sədrinin həbsdən
çıxan oğlu Etimad İsmayılov “Xural” qəzetinə müsahibəsində tanınmış hüquqşünas, biznesmen İlham Rəhimovu sərt tənqid edib.

“Mən ümumiyyətlə, o məxluq – mən «məxluq» sözünü xüsusilə vurğulamaq istəyirəm, çünki adam deyəndə daha böyük və keyfiyyətli varlıq göz önünə gəlir – haqqında iki səbəbdən heç bir şey demək istəmirəm. Birincisi, evimizdə anamın əlindən çörək yeyib. İkincisi, xalqımızın gözəl bir deyimi var: «Ölü haqqında ya gərək yaxşılığına danışasan, ya da susasan». Buna görə mən də onu diriykən ölü bilib, haqqında danışmaq istəmirəm. Eyni zamanda, mənim həm də onun övladları ilə xoş insani münasibətlərim var, onların keçirəcəyi hissləri nəzərə alıb, onunla bağlı heç nə demək istəmirəm” deyə E.İsmayılov bildirib.

E.İsmayılov İ.Rəhimovun siyasi kariyerası barədə də açıqlama verib: “Mən onu nə böyük adam, nə böyük siyasətçi, nə də böyük bir biznesmen sayıram. Mən bu gün də hesab edirəm ki, onun özünün təqdim etdiyi «şəxsi nailiyyətlər»i öz keyfiyyətləri hesabına deyil, kiminsə kişiliyi sayəsində qazanılan uğurlardır. Ona görə də bu mövzuya ümumiyyətlə, toxunmaq istəmirəm”.


E.İsmayılovun ittihamlarına İlham Rəhimovun dostu, həmyerlisi professor Musa Həsənov cavab verib. M.Həsənov “Yeni Müsavat”a açıqlamasında bilidirib ki, İlham Rəhimov barəsində işlədilən fikirlərin heç bir əsası yoxdur: “İlham müəllim sözün əsl mənasında ziyalı, alicənab, xeyirxah, təvazökar, xalqını və dövlətini sevən, yaxşılıq etməkdən ləzzət alan bir şəxsdir. Onu hörmətdən salmaq xainlik və paxıllıqdan başqa bir şey deyil”.

RAMİL

9 Sentyabr, 2011  17:03 Baxılıb: 2137

Bu bölmədə