Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev: “Azərbaycanda görülən bütün işlər dünyanın ən yüksək standartlarına cavab verməlidir”

Sentyabrın 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edib.

Simsar.az-ın verdiyi xəbərə görə, Dövlətimizin başçısı 
mərasim iştirakçılarını salamlayaraq deyib ki, Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. O bu layihənin böyük vəsait tələb edəcəyi, təqribən 100 milyon manata qədər vəsait xərclənəcəyini bildirib. “Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir”.
Prezident Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görüldüyünü bildirib. “Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilib. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaq. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir”. Dövlət başçısı Azərbaycanda çox düşünülmüş proqram və konsepsiya olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda Olimpiya idman kompleksləri, idman meydançaları tikilir, idmanla məşğul olmaq üçün şərait yaradılır. Bütün bölgələrdə müasir diaqnostika-müalicə mərkəzləri tikilir, rayon xəstəxanaları təmir edilir, müasir avadanlıqla təchiz olunur. Ekoloji tədbirlər görülür. Prezident deyib ki, təkcə son il yarım ərzində ölkəmizdə 10 milyona qədər ağac əkilib. Kür-Araz çayları boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılib. Yüz minlərlə vətəndaş indi təmiz içməli su ilə təmin edilib.
Azərbaycanda ölkəmizdə bütün başqa istiqamətlərdə olduğu kimi, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün də çox vacib işlər görülür. Bakıda - Balaxanıda məişət tullantılarının emalı zavodu tikilir. Ağaclar əkilir, yaşıllıqlar salınır və dünyanın ən yüksək texnologiyalarına malik olan müasir məişət tullantılarının emalı zavodu tikilir.
Prezident Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi tarixi hadisə olduğunu bildirib. “Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılıb. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilib. Bu il büdcəyə əlavələr edilib və əlavə vəsait nəzərdə tutulub ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın”.
Dövlət başçısı, “Azərsu” şirkəti, onun yeni tərkibi və işə yeni yanaşma nəticəsində bütün bu məsələlər öz həllini tapacaqğına əmin olduğunu bildirib. “Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Təbii ki, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olub. Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su mənbələrimiz, Bakını qidalandıran su xətləri Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz içməli suyu Bakıya gətirir”.
Prezident qeyd edib ki, bütün bölgələrdə, bütün rayon mərkəzlərində su-kanalizasiya layihələrinin icrasına başlanılıb, ya da ki, başlanmaqdadır. “Bu, çox böyük layihədir. Çünki bu işlər bir şəhərdə deyil, iki şəhərdə deyil, bütün rayon mərkəzlərində görülür və görülməlidir. Ona görə “Azərsu” şirkətinin işçilərindən çox şey asılıdır. Çünki qarşıya vəzifə qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində həllini tapsın. Əsas məsələlər 2013-cü ilin sonuna qədər həllini tapsın. Biz əlbəttə ki, qarşıya bu hədəfləri qoyanda həm realist olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki, bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın. Çox böyük və genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun. Bu gün güclənən Azərbaycanda görülən bütün işlər bir daha demək istəyirəm ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir”.

9 Sentyabr, 2011  14:51 Baxılıb: 801

Bu bölmədə