Simsar.az | bizi özünüzə Simsar bilin
Avtomobil sahiblərinə qara xəbər

Hakerlərin yeni hədəfi avtomobil sistemləri olacaq

Haker hücumları üçün növbəti hədəflər avtomobil kompüter sistemləri, eləcə də evlərdə və sənaye obyektlərində yerləşən intellektual mərkəzlər ola bilər. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə “McAfee” antivirus şirkətinin ekspertləri dərc etdikləri yeni “Caution: Malware Ahead” hesabatında xəbərdarlıq ediblər. 


Hesabatda vurğulanır ki, müasir informasiya texnologiyaları təhlükəsizliyi sahəsi avtomobillərdə əksər elektron hissələrin işinə cavabdeh olması üçün quraşdırılan, getdikcə daha çox istifadə olunan çip və sensor elektron sistemlərin inkişafından geri qalır. “McAfee” şirkətinin baş meneceri Stüart Makkler deyib ki, avtomobillərdə rəqəmsal texnologiyalara getdikcə daha çox funksiyaların yerləşdirilməsi ilə əlaqədar olaraq bu istiqamətdə haker təhlükəsi də artmaqdadır: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakerlər sizin noutbukunuza və ya elektron poçtunuza müdaxilə etməsi ilə avtomobil sistemlərini sındırmaq arasında fərq böyükdür, belə ki, bu, sizin şəxsi təhlükəsizliyiniz üçün dəhşətli nəticələrə gətirib çıxara bilər”.


Qeyd edək ki, hazırda çiplər demək olar avtomobillərin bütün hissələrində, xüsusilə təhlükəsizlik yastıqlarında, əyləc və elektrik ötürücülərində, kondisioner və mühərrikin hərarətinə nəzarət sistemlərində quraşdırılır. Tam elektronlaşdırılan sistemlər isə oğurluğa qarşı və kommunikasiya üçün nəzərdə tutulan avtomobil sistemləridir. “McAfee”-də bildirirlər ki, onlar artıq avtomobillərdə fəaliyyət göstərən kompüter sistemlərinə müdaxilə edilməsi halları ilə rastlaşıblar, hətta bəzi hallarda avtomobil sistemlərinin sındırılması fiziki müdaxilə olmadan baş verib.

9 Sentyabr, 2011  01:02 Baxılıb: 1056

Bu bölmədə