Simsar.az | bizi özünüzə Simsar bilin
Pənah Hüseyn Qüdrət Həsənquliyevdən 1 manat təzminat istəyir

"Qüdrət Həsənquliyev mənə ziyan verə bilməz"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi Yasamal Rayon Məhkəməsinə verən İctimai Palatanın üzvü Pənah Hüseyn ondan 1 manat təzminat tələb edir.

Pənah Hüseyn “Media forum” saytına açıqlamasında deyib ki, Qüdrət Həsənquliyevdən 1 manat təzminat tələb etməsi səbəbsiz deyil: “Qüdrət Həsənquliyev mətbuata verdiyi müsahibədə demişdi ki, guya mən Xalq Cəbhəsinin pullarını götürüb qaçmışam. Hesab edirəm ki, belə ittihamlar, yalanlar, həqiqəti əks etdirməyən fikirlər mənə böyük zərbə vura bilməz. Çünki xalq kimin kim olduğunu, kimlərin xalqın pulunu oğurladığını yaxşı bilir. Ona görə də Qüdrət Həsənquliyevin yalanının mənə vurduğu ziyanı 1 manat məbləğində dəyərləndirdim”.

İctimai Palatanın üzvü iddia ərizəsində Qüdrət Həsənquliyevin dediklərinin məhkəmə qaydasında araşdırılmasını və qiymətləndirilməsini tələb edir: “Məhkəmənin həmin açıqlamada deyilənləri araşdırıb qiymət verməsini istəmişəm. Əminəm ki, məhkəmə onun yalan danışdığını qərarla təsdiqləyəcək”.

Pənah Hüseyn ötən əsrin sonlarında Azərbaycan xalq hərəkatının liderlərindən biri, Xalq Cəbhəsinin qurucularından olub. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub.

8 Sentyabr, 2011  22:26 Baxılıb: 1113

Bu bölmədə