Simsar.az | bizi özünüzə Simsar bilin
İran Arazın suyundan istifadə etmək istəyirsə...

Hüseyn Bağırov: "Əgər belə bir niyyət həqiqətən varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır”

“İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır”.

Simsar.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qəbələdə keçirilən XI Beynəlxalq Pestisid Forumunda iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib. 

Nazir qeyd edib ki, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı rəsmi müraciət etməyib: İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşma var. Razılaşmada bir çox məsələ konkret əksini tapıb. Kənd təsərrüfatı və digər məqsədlər üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb. Ekoloji tarazlığın qorunması üçün çayda müəyyən miqdarda su saxlanmalıdır. Azərbaycan tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması üçün Arazın suyundan istifadə ediləcəyi məsələsi ilə bağlı məlumatı yalnız mətbuatdan alır. Əgər belə bir niyyət həqiqətən varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır”.

Nazir misal olaraq qeyd edib ki, ermənilər Tovuz çayının məcrasını öz məqsədləri üçün dəyişiblər və təbii ki, bunun ekoloji fəsadlarını görəcəklər.

7 Sentyabr, 2011  19:05 Baxılıb: 903

Bu bölmədə