Simsar.az | bizi özünüzə Simsar bilin
METRO GİRİŞİ TİKMƏYƏ YER QALMAYIB

Tağı Əhmədovun müavinindən təəssüf doğuran açıqlama 

Azərbaycan paytaxtda tikilən yeni metro stansiyalarının vestibüllü şəkildə inşa olunmasından imtina edib.

 Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulovun Simsar.az-a verdiyi məlumata görə, hazırda bir çox yeni stansiyaların tikintisinə dair işlər aparılır: «Biz yeni stansiyaların hamısını vestibülsüz inşa edəcəyik. Hazırda «İçərişəhər», «Sahil», «Elmlər Akademiyası», «Meşədi Əzizbəyov» kimi metro stansiyalarında mövcud vestibüllü girişlər yeni stansiyalarda olmayacaq».

Metropoliten rəsmisi bunu şəhərdə belə tikili üçün artıq yerin olmaması ilə əlaqələndirib: «Bu cür girişləri inşa etmək üçün şəhərdə artıq yer yoxdur və yeni stansiyaların hamısının girişi yeraltı olacaq».

Qeyd edək ki, dövlət başçısının «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncamına uyğun olaraq Bakı Metropoliteninin İnkişafının Dövlət Proqramının layihəsinin hazırlanmasına başlanılıb. Sözügedən Dövlət Proqramının hazırlanması məqsədilə Bakı Metropoliteninin keçirdiyi açıq tenderdə Koreya, Avstriya, Fransa, Almaniya, Rusiya, Çexiya və İspaniyanın şirkətləri iştirak edib ki, nəticədə 3 şirkət (Fransanın «Systra», Çexiyanın «Mott MacDonald» və Cənubi Koreyanın «Saman Corp» şirkətləri) seçilib və onlardan ibarət konsorsium yaradılıb. Konsorsium tərəfindən Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi tərtib olunub, həmin sxem Azərbaycanın dövlət başçısı tərəfindən təsdiqlənib. Konseptual İnkişaf Sxeminə uyğun olaraq 2030-cu ilədək 83,4 km tunel (iki yollu hesabla) və 53 stansiyanın tikilməsi nəzərdə tutulub. Nəticədə, stansiyaların sayı 76-ya, tunellərin uzunluğu isə 119 km-ə çatacaq. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.

6 Sentyabr, 2011  21:11 Baxılıb: 1229

Bu bölmədə